Məhkəmə qərarları › İş №2(041)-1616/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1616/2025

08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1616/2025 08.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları müddətdə doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 246 manat aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, cavabdehlə 2012-ci ildə nikahlarını qeyd etdirmədən ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü il tarixdə Samirə adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir neçə il birlikdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Ayrı yaşamalarına baxmayaraq cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə azyaşlı uşağını saxlaya bilmir. Özü heç bir yerdə işləmir. Cavabdeh müxtəlif işlərlə məşğul olaraq xeyli qazanc əldə edir. Məhkəmə iclasına iddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcək və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx.xx.2005-ci ildə X3 ilə rəsmi olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X5 doğulmuşdur. iddiaçı ilə isə onun qeyrirəsmi münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Münasibətləri daima normal olub. Hal-hazırda hər iki övladı ödənişli olaraq təhsil alırlar. İddiaçıya bir uşağın saxlanması üçün hər ay ən çoxu 200 manat aliment ödəməyə maddi imkanı çatır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 620032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin qeyrirəsmi evliliklərindən xx.xx.2013-cü il tarixdə X4 doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 142046 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2005-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində 61 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 585689 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004cü il tarixdə X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 867943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007ci il tarixdə X7 doğulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Samirə adlı uşaqları doğulmuşdur. İddiaçı azyaşlı uşağını maddi cəhətdən təmin edə, onların təlabatını ödəyə bilmədiyini bildirir və cavabdehdən aliment tələb edir. Cavabdeh isə iddia tələblərini qismən qəbul edərək hazırda ailəli olduğunu, himayəsində iki uşağının olmasını və onların ödənişli təhsil aldığını bildirərək azyaşlı uşağın saxlanması üçün hər ay 200 manat ödəyə biləcəyini bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı tutulmalı olunan alimentin miqdarının cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 110.2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15№-li qərarın “8.4-10-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar