Məhkəmə qərarları › İş №2(041)-1634/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1634/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1634/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində alimentin və mediasiya xərcinə görə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildə evlənib ailə qurmuş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Cavabdehlə faktiki nikahdan xx.xx.2010-cu il tarixdə Səfalı adlı bir oğlu olmuşdur. Cavabdeh spirtli içkilərə meylli olmaqla, onu mütəmadi döyüb incitdiyinə görə xasiyyətləri uyğun gəlmədiyinə görə ondan ayrılmış. Cavabdehdən ayrılandan sonra o Səfalı adlı oğluna öz soyadı ilə doğum haqqında şəhadətnamə almadığına görə cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edib. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(041)-681/2013 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh ilə faktiki nikahdan xx.xx.2010cu il tarixdə doğulmuş Səfalı adlı oğlunun atasının Cavabdeh olması müəyyən edilmiş və oğlu Səfalının yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət etmişdir. Cavabdeh həmin vaxt Sabirabad rayonunda müəllim işlədiyinə görə qətnamənin alimentə dair hissəsi icra edilməsi üçün Sabirabad rayon İcra şöbəsinə göndərilmiş və 2022-ci ilə kimi Sabirabad rayon İcra şöbəsində icra edilmişdir. 2022-ci ildə cavabdehin onunla yaxşı rəftar edəcəyi barədə verdiyi sözə aldanaraq, həm də oğlu Səfalının atasız böyüməməsi səbəbindən onunla barışmış və cavabdehin Sabirabad rayonunda kirayədə yaşadığı evə köçmüşdür. Cavabdehlə barışdığına görə Sabirabad rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək oğlu Səfalının saxlanmasına görə cavabdeh tərəfindən ona aliment ödənilməsinə dair icra işinin icraatına xitam verilməsini xahiş etmiş və onun xahişinə əsasən alimentlə əlaqədar icra işinin icraatına xitam verilmişdir. Cavabdeh ilə 2022-ci ildə barışandan sonra onunla birlikdə faktiki nikahından xx.xx.2023-cü il tarixdə Səkinə adlı ikinci uşağı doğuldu və onun atalığı müəyyən edilib. Səkinə adlı qızı doğulandan sonra cavabdeh yenidən əvvəlki hərəkətlərini davam etdirməyə başlayıb tez-tez içkili vəziyyətdə kirayədə yaşadıqları evə gələrək heç bir səbəb olmadan ailədə söz-söhbtlər yaradaraq onu söyüb təhqir edərək döyüb işgəncələr verirdi. Axırıncı dəfə cavabdeh təxminən 2 ay bundan əvvəl evə içkili vəziyyətdə gələrək onu heç bir səbəb olmadan döydüyünə görə ondan polis şöbəsinə şikayət etmiş və ondan ayrılıb uşaqları ilə birlikdə öz valideynlərinin evinə getmişdir. Hazırda iki uşağı ilə birlikdə valideynlərinin evində yaşayır və uşaqlarını valideynlərinin maddi yarıdımı hesabına saxlayır. Bundan sonra cavabdehlə ailəsini bərpa etmək fikri yoxdur. Cavabdehin bir valideyn kimi öz uşaqlarını saxlamaq onun vəzifəsi olsa da, ondan ayrı yaşadığı 2 ay ərzində o, uşaqlarının saxlanması üçün heç bir maddi yardım etməyib. Özü də heç bir yerdə işləmədiyimə görə uşaqlarımı saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə qeyri-rəsmi nikahda olub və bu nikahdan Səfalı və Səkinə adlı iki uşağı var. Cavabdehin spirtli içkilərə meylliliyi və zorakılığı səbəbindən ayrılıblar. Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə Səfalının atalığı müəyyən edilib və cavabdehdən aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması qərara alınıb. 2022-ci ildə barışıqdan sonra ikinci uşaqları Səkinə doğulsa da, cavabdeh yenidən zorakılıq edib və uşaqları ilə birlikdə valideynlərinin evinə köçüb. Cavabdeh ayrıldıqdan sonra iki ay ərzində uşaqların saxlanması üçün heç bir maddi yardım etməyib və iddiaçı uşaqlarını valideynlərinin yardımı ilə saxlayır. Cavabdehin rəsmi iş yeri var və aylıq qazanca malikdir. Odur ki, cavabdehdən rəsmi qaydada aliment tələb etməyi qərara almışdır. Cavabdeh izahatında göstərdi ki, o, 2009-cu ildə iddiaçı ilə qeyri-rəsmi olaraq ailə qurmuş. xx.xx.2010-cu il təvəllüdlü Malıyev Səfalıvə xx.xx.2023-cü il təvəllüdlü Malıyeva Səkinə adlı iki övladı dünyaya gəlib. Nə qədər ailənin dağılmamasını istəsə də buna nail ola bilməmişdir. İddiaçı ondan hər uşağa 300 manat aliment tələbi ilə məhkəməyə müraciət edib. O Sabirabad rayonu Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta ümumitəhsil məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyir. ona hər ay 980.48 manat əmək haqqı ödənilir. İşə Kürdəmir rayonundan Sabirabad rayonuna gedir. O əmək haqqının bir hissəsini yol haqqına, bir hissəsini isə kreditə ödəyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşdə olan, Kürdəmir Rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, AZ-İİİ 219701 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olub, atası Cavabdeh, anası İddiaçıdır. - Kürdəmir Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İV 922938 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olub, atası Cavabdeh, anası İddiaçıdır. -Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(041)-681/2013 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından 22 iyun 2010-cu ildə doğulmuş X4 atasının xx xxx 1978-ci ildə Kürdəmir rayonunun Axtaçı-Qarabucaq kəndində anadan olmuş Cavabdeh olması müəyyən edilməsi, 22 iyun 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2013-cü il tarixdən başlayaraq Kürdəmir rayonunun Azxtaçı-Qarabucaq kəndində yaşayan cavabdeh X2 aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq Kürdəmir rayonunun Axtaçı kəndində yaşayan X5 ödənilməsi qət etmişdir. - Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Üzrə Təhsil Sektorunun xx.xx.2025-ci il tarixli, 201 nomrəli arayışından məlum olur ki, Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta ümumitəhsil məktəbində müddətsiz müqavilə əsasında uşaqlarla məktəbdənkənar və sinifdənxarictərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyir və 2024-2025-ci tədris ilinə əsasən aylıq hesablanmış əməkhaqqısı 980.48 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki işin müəyyən edilən hallarından görünür ki, tərəflərin birgə münasibətlərindən iki uşaq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Aralarında nikah olmadığına görə uşağın atalığı məhkəmə qaydasında müəyyən edilmişdir. Uşaqların anası dediyinə görə işləmir, atası iş üzrə Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta ümumitəhsil məktəbində müddətsiz müqavilə əsasında uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyir, ona hər ay 980.48 manat əmək haqqı ödənilir. Belə bir halda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17 iyun 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, 50 manat mediasiya xərci ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 17 iyun 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar