Məhkəmə qərarları › İş №2(041)-1752/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1752/2025

05.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1752/2025 05.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 onun yanında saxlanılmaqla yetkinlik yaşına çatana kimi bir uşağa görə 250 manat aliment təyin olunmasını, onun 3 yaşı tamam olunadək qulluğa görə hər ay 100 manat pulun, mediasiya təşkilatına ödədiyi 50,40 manatın və sənədlərin hazırlanmasına görə 9 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı onun doğma qızıdır. Qızı Türkan Cavabdeh ilə 2022-ci ildə ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2022-ci il tarixdə Kürdəmir Regional "Asan Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsində AZ-T 038107 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Nəriman adında bir oğlan uşaqları vardır. 2024-cü ildən ailədə söz-söhbət və gərginlik yaranmış və bu vəziyyət öz həllini tapmadığına görə qızı məcbur olub nikahın pozulması və aliment tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini icraata götürərək iki dəfə məhkəmə baxışı keçirmişdir. Bu zaman cavabdehin öhdəliyi əsasında məhkəməyə verdikləri ərizə əsasında iş baxılmamış saxlanılmışdır. Bundan sonra, yəni 2024-cü ilin son ayında yenidən ailədə həmin gərginlik təkrar olduğuna görə qızı 1 övladı ilə birdə gəlin köçdüyü evi tərk etmiş və yaşamaq üçün onların Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evinə gəlmiş və həmin vaxtdan bu məkanda yaşayırlar. Bu müddətdə qızı cavabdehlə birgə təsərrüfat aparmır, övladının tələbətını isə onların maddi köməklikləri əsasında həyata keçirir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, hərbi hissədə MAXE vəzifəsində çalışır və 2015-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 1 qız uşağı vardır. Lakin həyat yoldaşı Bakıda olduğuna görə rayonda yaşamaq istəməmiş və həmin nikahın pozulmasını tələb etmişdir. Həmin gündən bu günə kimi kəsilmiş 140 manat alimenti 9 ildir ödəyir. 2022-ci ildə yenidən ailə həyatı qurmuşdur. Bu nikahdan bir oğlu vardır, 2 il normal bir ailə kimi yaşamışlar. Ondan sonra iddiaçı boşanma ərizəsi vermişdir. Onun aylıq əmək haqqısı 563,38 qəpikdir. Hər gün işə gedib gəlməyinə 3 manat və yeməyinə 4 manat pul xərcləyir. Bu da nəzərə alınsa hər ay 60 manat yol xərci və 80 manat yemək üçün pul xərcləyir. Belə ki uşağın saxlanması üçün hər ay 150 manat aliment ödəməyə maddi imkanı vardır. Anası da ağır şəkər xəstəsidir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir regional “Asan Xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-T 038107 nömrəli nömrəli nikah haqqında şəhadətnamənin surətindən əsasən, Cavabdeh ilə X7 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 201 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ-İV 881071 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Atakişili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 489 nömrəli arayışdan görünür ki, oğlu xx.xx.2023-cü il təvəllüdlü X6 ilə bitlikdə anası X3 himayəsində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarişli arayışdan görünür ki, Cavabdeh aylıq pul təminatı aliment və müvafiq tutulmalar aparıldıqdan sonra 563.36 manat təşkil edir. Ərzaq payı əvəzinə ay ərzində pul kompensasiyası 62,08 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 24561/4 nömrəli arayışdan görünür ki, Cavabdeh şöbənin icraatında borclu olduğu aliment işi vardır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 24561/18-55-5/2 nömrəli bildirişindən (tələbin könüllü icrası haqqında) görünür ki, xx.xx.2018-ci il tarixdə icrasına başlanmış Nizami Rayon Məhkəməsinin 2(007)-6807/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh xx.xx.2017-ciil tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq Səlimova (Ömərova) Tamilla İbrahim qızına verilməlidir. Hazırki iş üzrə işin mübahisəsiz halı odur ki, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında qalır. Cavabdeh alimentin məbləği ilə qismən razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlər faktiki olaraq pozulmuş, onlar ayrılıqda yaşayaraq, azyaşlı uşaqları iddiaçının himayəsində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər hazırda ayrı yaşadıqlarından və azyaşlı uşaq iddiaçının yanında olduğundan iddiaçının uşağın saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi 3 yaşına qulluğa görə 100 manat alınması hissəsində təmin edilməməlidir. Çünki, cavabdehin Ailə Məcəlləsinin 85-ci maddəsinin tələbinə görə zəruri məsrəflərə malik olmasına dair iş materiallarında sübut yoxdur. AM-nin 85.1.1-ci, 85.2-ci və 86-cı maddələrinə müvafiq olaraq ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016№-li qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərarın 8.4-1-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş arayışa əsasən onun aylıq pul təminatı müvafiq tutulmalar aparıldıqdan sonra 563.36 manat, ərzaq payı əvəzinə ay ərzində pul kompensasiyası 62,08 manat təşkil edir. Eyni zamanda cavabdehin digər övladına da aliment ödəməsi öhdəliyinin mövcudluğu nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin gəlir imkanlarını və faktiki maddi vəziyyətini nəzərə almaqla alimentin onun qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulması uşağın mənafeyinə tam cavab vermir. Bu səbəbdən cavabdehin ümumi gəlirləri və uşağın təminatı, ehtiyacları nəzərə alınaraq sabit pul məbləğində hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutulması məqsədəuyğundur (400 x 0,45 = 180 manat). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalı və dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilən Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar