Məhkəmə qərarları › İş №2(041)-2221/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2221/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2221/2025 27.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh Mirhadi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mirhadi oğluna qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh Mirhadi oğlundan hər ay hər uşağa görə sabit pul məbləğində 246 manat olmaqla, cəmi 492 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mirhadi oğlu izahat verərək bildirmişdir ki, Bakıda taksi şirkətində sürücü işləyir. İddiaçı ilə 2011-ci ildə evlənib ailə həyatı qurmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-892/2018 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün ondan hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, 200 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Narkotik istifadəçisi olduğu üçün 8 ay həbsdə olmuşdur. Realibitasiya şöbəsində narkotikdən müalicə olunur. 2022-ci ildə həbsdə olan vaxt anası uşaqlarla xaricə gedə bilsin deyə, alimentdən imtina etməyi barədə ərizə imzalatmışlar. Uşaqlarla görüşünə icazə verilmir. 4 ildir ki, uşaqlarla görüşmür. Məhkəmə, tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-892/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Mirhadi oğluna qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, X6 ilə Cavabdeh Mirhadi oğlu arasında 28 iyul 2011-ci il tarixdə bağlanmış və Kürdəmir rayon VVAQ şöbəsində 13 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 23 aprel 2012-ci il tarixdə doğulmuş X4 və 27 iyul 2014-cü il tarixdə doğulmuş X2 anası X3 yanında saxlanılmaları, tərəflərin birgə nikahlarından 23 aprel 2012-ci il tarixdə doğulmuş X4 və 27 iyul 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatları üçün 14 iyun 2018-ci il tarixdən başlayaraq Kürdəmir rayonu, Karrar qəsəbəsində yaşayan Cavabdeh Mirhadi oğlundan hər ay hər uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin tutularaq Kürdəmir rayonu, Karrar qəsəbəsində yaşayan X5 ödənilməsi qət edilmişdir. Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Kürdəmir Rayon məhkəməsinin 2(041)-892/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Belə ki, iş üzrə tələbkar xx.xx.2022-ci il tarixində ərizə ilə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədinin məcburi icrasına ehtiyac qalmadığını bildirmiş və icra sənədinin "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, hazırkı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb faktiki olaraq qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmiş aliment öhdəliyinin yenidən təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, aliment sabit pul məbləğində təyin edildikdə və həmin qətnamə qüvvədə qaldıqda, alimentin tutulmasının davam etdirilməsi və ya məcburi icrası məsələləri mülki icraat qaydasında yeni iddia predmetini təşkil etmir və bu hallar icra qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 892/2018 saylı qətnaməsi ilə cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması barədə qəbul edilmiş qətnamə qüvvədə qalmaqdadır və ləğv edilməmişdir. İş materiallarından görünür ki, icra sənədi tələbkarın ərizəsi əsasında icra olunmadan geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin geri qaytarılmasına səbəb olmuş hallar aradan qalxdıqdan sonra tələbkarın müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilir. Bu baxımdan məhkəmə izah edir ki, iddiaçı alimentin tutulmasının davam etdirilməsi məqsədi ilə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə müvafiq ərizə ilə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mirhadi oğluna qarşı “aliment” tələbinə dair 2(041)-2221/2025 saylı mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar