Məhkəmə qərarları › İş №2(041)-2296/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2296/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2296/2025 22.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit məbləğinin bölgüsü” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızı qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit məbləğinin bölgüsü” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə "xxxx" ASC-nin Nərimanov filialından götürülmüş 5955 manat vəsaitin 2/3 hissəsinin Cavabdeh tərəfindən, həmin məbləğin 1/3 hissəsinin isə onun tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızı izahat verərək bildirdi ki, o, cavabdehlə birgə nikah dövründə iş üzrə 3-cü şəxs "xxxx" ASC-nin Nərimanov filialından 5955 manat kredit götürmüşdür. Bu kredit isehlak krediti idi və onun xahişi ilə "xxxx" ASC-dən götürmüşdür. Cavabdeh bu pula özü üçün avtomobil almışdır. Hal-hazırda aralarında bağlanmış nikahın pozulmasına dair mülki iş məhkəmənin icraatındadır. Bu nikahdan doğulmuş 6 aylıq Ayxan adlı uşaq onun himayəsindədir. İqtisadi cəhətdən vəziyyəti ağırdır. Cavabdeh nə kreditin ödənilməsində, nə də ailəsinin saxlanılmasında köməklik etmir. Götürülmüş krediti 7 aydır ki, özü ödəyir. Mülki qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş əmlak bərabər nisbətdə bölünə bilər, lakin azyaşlı uşağın onun himayəsində qalması onun əlavə qayğılar yaradır, qarşılaşdığı problemi həll etməkdə çətinlik yaradır. Ona görə götürülmüş bu kreditin 2/3 nisbətdə yəni götürülmüş kredit məbləğinin 2/3 hissəsinin cavabdeh tərəfindən, 1/3 hissəsinin isə onun tərəfindən "xxxx" ASC-yə ödənilməsini istəyir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbləri ilə razılaşmayaraq bildirdi ki, o, iddiaçı ilə 2024-cü ildə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahlarından bir uşaqları var. İddiaçı birgə nikahda olan zaman 6000 manat kredit götürmüşdür. Götürülmüş həmin məbləğdən iddiaçı ona 2000 manat pul vermiş, o da üstünə öz pulundan qoyub maşın almışdır. Birgə nikahda olan zaman o, kreditin 1 ayını ödəmişdir. İddiaçı isə çıxıb ailəsi evinə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli 478 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Şüvəlan qəsəbəsi, Bağlar massivində qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh arasında nikah 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 267 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Mehtiyev, arvada Mehtiyeva soyadı verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, NRNPU-13323 saylı kredit müqaviləsinə əsasən, bank – "xxxx" ASC müştəriyə - İddiaçı 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 6000 manat məbləğində kredit verməyi, müştəri - İddiaçı isə həmin kreditdən müqavilə üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu faizi ilə birlikdə geri qaytarmağı (aylıq 222,99 manat) öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5955 manat İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-V 090859 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından X4 xx.xx.2024-cü ildə doğulmuşdur. İşə əlavə olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-2553/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış və həmin tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsində 267 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşə əlavə olunmuş, Mehtiyeva (Qafarova) Mehriban Alik qızının "xxxx" ASC-nin hesabına etdiyi ödənişlərdən görünür ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ümumilikdə 2217,69 manat pul göndərmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən birgə nikah dövründə "xxxx" ASC-dən götürdüyü pulun 2/3 hissəsinin geri qaytarılmasını tələb edir. İş üzrə Cavabdeh iddianı qismən qəbul etmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Cavabdeh götürülmüş kreditdən qismən istifadə edərək öz ehtiyacları üçün avtomobil almış, lakin eyni zamanda kreditin bir hissəsi ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Cavabdehin öhdəliyi qismən qəbul etməsi və kreditin nikah dövründə əldə edilmiş ümumi ailə ehtiyaclarına yönəlməsi faktları, Ailə Məcəlləsinin 41.2-ci maddəsi və Mülki Məcəllənin 500.1 və 500.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, iddianın qismən təmin olunmasını əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin 23 iyul 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il 1/2024№-li qərarının 6.39-cu bəndinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. İşin faktiki hallarından, iddiaçının izahatlarından və təqdim edilmiş sənədlərdən (kredit müqaviləsi, ödəniş qəbzləri, nikah və doğum haqqında sənədlər) görünür ki, iddiaçı və cavabdeh birgə nikah dövründə "xxxx" ASC-dən 5955 manat kredit götürüblər. Ailə Məcəlləsinin 36, 37.3 və 41.2-ci maddələrinə əsasən, birgə nikah dövründə alınmış öhdəliklər ümumi əmlaka daxil edilir və paya uyğun bölünür. Mülki Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə, borcun ödənilməsində pay nisbəti kreditor qarşısında öhdəliyi dəyişdirmir, lakin tərəflərin daxili münasibətlərində əsas rol oynayır. İş materiallarından görünür ki, iddiaçı 2217,69 manat ödəmişdir. Bunun yarısı (1/2) Cavabdeh payına düşür. Cavabdehin öhdəliyi qismən qəbul etməsi, kreditin nikah dövründə ümumi ailə ehtiyaclarına yönəlməsi və iddiaçının qismən ödənişi faktları, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin praktikası nəzərə alınmaqla, iddianın qismən təmin edilməsini əsaslandırır. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, nikah dövründə götürülmüş öhdəliklər hər iki tərəf üçün öhdəlik yaradır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı nikahın pozulmasından sonra "xxxx" ASC-nin hesabına 2,217.69 manat məbləğində ödəniş etmişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin tətbiqi təcrübəsinə əsasən, nikah münasibətlərinə faktiki xitam verildikdən sonra kredit müqaviləsi üzrə öhdəliklərin qismən ödənilməsi halında, ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsi qarşı tərəfə ödənilə bilər. Bu baxımdan, iddia qismən təmin edilərək ödənilmiş məbləğin ½ hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddaçı İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ödənilmiş 2217.69 manat hissəsində Cavabdeh payı müəyyən edilməli, ödənilmiş 2217.69 məbləğində pulun ½ hissəsi, yəni 1108,85 (bir min yüz səkkiz manat səksən beş qəpik) manat Cavabdeh alınaraq iddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini, iddiaçının mediasiya xərcini ödəməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, NRNPU-13323 saylı kredit müqaviləsinə əsasən ödənilmiş 2217,69 manat hissəsində Cavabdeh payı müəyyən edilsin. Ödənilmiş 2,217.69 manat məbləğinin ½ hissəsi, yəni 1108,85 (bir min yüz səkkiz manat səksən beş qəpik) manat Cavabdeh alınaraq iddiaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 42,17 (qırx iki manat on yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddaçı Mehtiyeva (Qafarova) Mehriban Alik qızına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar