Məhkəmə qərarları › İş №2(041)-2354/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2354/2025

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Kürdəmir rayon İş № 2(041)-2354/2025 19.02.2026 KÜRDƏMIR RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X8 və ## ##.2023-cü il təvəllüdlü X2 ilə birlikdə cavabdeh Cavabdeh yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 izahatında bildirdi ki, iddiaçı İddiaçı dayısı oğlu olan cavabdeh Cavabdeh Şahın oğlu ilə 2018-ci ildə el adəti üzrə evlənib ailə quraraq onun valideynlərinin evinə gəlin köçmüş və özünə məxsus cehizlərini də aparıb həmin evə yerləşdirmişdir. Cavabdehlə birgə nikahlarından ##.##.2019-cu il tarixdə Nəzrin və ##.##.2023-cü il tarixdə Kənan adlı iki uşaqları doğulmuşdur. Cavabdeh Cavabdeh ilə evlənib 1 il onun valideynlərinin evində yaşayandan sonra, cavabdehin atası ilə aralarında dava-dalaş olduğuna görə cavabdehin özünə məxsus olan həyətyanı torpaq sahəsində olan evinə köçüb orada yaşamağa başlamışlar. Həmin evdə 7 il birlikdə yaşasalar da, son vaxtlar cavabdehin günahı üzündən ər-arvad münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh ona məxsus olan qızılları məcburi qaydada İddiaçı əlindən almışdır. İddiaçı ilə rəsmi nikahda olmaqla bir evdə yaşamalarına baxmayaraq, evə başqa qadın gətirərək onu 2 azyaşlı uşaqları ilə birlikdə evdən məcburi qaydada qovub çıxartmışdır. O, əlacsız vəziyyətdə qaldığına görə azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə getmişdir. Özünə məxsus cehiz əmlakları həmin evdə qalmış və hazırda da həmin evdədir. Cavabdeh onu uşaqları ilə birlikdə yaşadıqları evdən məcburi qaydada qovub çıxardandan sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X9, ##.##.2023-cü təvəllüdlü X2 onun himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh onu uşaqları ilə birlikdə yaşadıqları evə buraxmadığına görə Kürdəmir rayon Polis şöbəsinə müraciət etmiş və polis əməkdaşları onları Sığırlı kəndindəki evə məcburi qaydada köçürtmüşlər. Buna baxmayaraq cavabdeh Cavabdeh Şahın oğlu yenə də həmin evdə yaşamaqlarına imkan vermədiyinə görə hazırda valideynlərinin evində yaşayır və bir neçə dəfə Sığırlı kəndindəki evinə getmək istəsə də cavabdeh buna imkan verməmişdir. Həyətyanı torpaq sahəsində olan nar bağında yetişdirdiyi nar məhsulu ondan xəbərsiz olaraq yığıb sataraq əldə etdiyi vəsaiti öz istədiyi kimi istifadə edir. İddiaçı cavabdeh əri Cavabdeh özünə məxsus olan həyətyanı torpaq sahəsindəki iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində azyaşlı uşaqları ##.## 2019-cu il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X2 ilə birlikdə yaşamaqla ailə üzvü kimi həmin evdən istifadə hüququ əldə etmişdir. Ona görə də azyaşlı uşaqları Nəzrin və Kənanla birlikdə cavabdeh Cavabdeh yaşadığı evə köçüb orada uşaqlarını böyütmək istəyir, onun başqa evi və ya həyətyanı torpaq sahəsi yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili ilə eyni məzmunda izahat verərək bildirdi ki, o, hazırda azyaşlı uşaqları ilə birlikdə köçmək istədiyi evin yalnız padval hissəsinə köçmüş, həmin vaxt ev hazır olmamışdır. Orda çətinliklə yaşayıb ikinci mərtəbəni tikib başa çatdırmışlar. Evin tikintisində qaynatası usta kimi işləsə də birgə nikah dövründə tikilmişdir, evin tikintisinə onun köməyi çox olmuş, öz şəxsi əşyalarını da satıb evin tikintisini başa çatdırmışlar. Hazırda ona həmin evdə yaşamağa imkan yaradılmır. Qaynatası icazəsiz onun qaldığı evə gələrək davadalaş salıb ordan çıxmasını tələb etdiyindən o, uşaqlarını da götürərək evdən çıxmışdır. Lakin cehiz əşyaları hazırda həmin evdə qalır. İddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, müdafiə etdiyi Cavabdeh iddiaçı İddiaçı ilə 2018-ci ildə evlənib ailə həyatı quraraq cavabdehin atası Lazımov Şahinin adına olan evə gəlin köçmüşlər. Bir müddət orda yaşadıqdan sonra Lazımov Şahinin adına olan torpaq sahəsində ev tikilmiş və orda yaşamışlar. Tərəflər arasındakı nikah 2025-ci ildə pozulduğu halda iddiaçı hal-hazırdada həmin evdə yaşayır. Cavabdeh isə evlidi, həyat yoldaşı ilə birlikdə atasına məxsus evdə yaşayırlar. Bələdiyyədən alınmış arayışlardan da bir daha sübuta yetirilir ki, iddiaçı boşandığı halda hələ də cavabdehin evində yaşayır. Sözü gedən torpaq sahəsi Lazımov Şahinin adınadır. Evi cavabdeh Cavabdeh atası tikmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh məxsus Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində faktiki yaşayır, iddiaçının həmin evdə olduğu ilə bağlı videoçəkiliş aparılmış və ondan başqa iddiaçının cavabdehə məxsus evdə yaşaması barədə icra nümayəndəliyindən arayışlar alınmış, iddiaçının faktiki yaşadığı halda evə köçürülmədən söhbət gedə bilməz. Qaldırılmış iddia əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı İddiaçı onun bibisi qızıdır. Onunla 2018-ci ildə evlənib atasının evində yaşamağa başlamışlar. Daha sonra evdə söz-söhbətlər olduğu üçün atası Lazımov Şahin yenidən öz vəsaiti hesabına ev tikmiş və orda yaşamışlar. Birgə nikah dövründə olar sadəcə sosial yardım alaraq ailəni dolandırmışlar. Aralarındakı nikah Kürdəmir Rayon Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə pozulmuşdur. Yenidən ailə həyatı qurmuş və həyat yoldaşı ilə birlikdə atası Lazımov Şahinin evində yaşayırlar. Hal-hazırda iddiaçı İddiaçı həmin evdə yaşayır. Onun adına heç bir torpaq sahəsi yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdir ki, Kürdəmir rayon İHB-nın Sığırlı kənd İƏD-si üzrə icra nümayəndəsi işləyir. İddiaçı İddiaçı evləndikdən sonra əvvəlcə Sığırlı kəndinə qaynatası Lazmov Şahinin evinə gəlin köçmüşdür. Həmin evdə təxminən bir ilə kimi yaşadıqdan sonra artıq yeni tikilməyə başlayan evə köçmüşlər. Belə ki, sözü gedən evin tikintisinə 2017-ci ildə başlanılmışdır. 2020-ci ildə isə artıq həmin ev hazır olmuşdur. Kəndə hər hansı sakin evi tikməyə başlayır, onun üstü vurulursa artıq bələdiyyə olaraq evi təsərrüfatbaşı kitabına qeyd edirlər. İddiaçı yaşadığı evin aşağı hissəsi padval olduğu üçün ev ikimərtəbəli sayılır. Lazımov Şahin özü kənddə usta kimi işləyir. Ona görə evi tikintisində Lazımov Şahin özü işləmişdir. Ona görə arayışda evin cavabdehin atası Lazımov Şahin Məhəmməd oğlu tərəfindən tikildiyini yazmışdır. Evin kimin maliyyə vəsaiti ilə tikilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, o, həm iddiaçı, həm də cavabdehlə qohumdur. İddiaçı İddiaçı onun qardaşı qızıdır. Cavabdeh Cavabdeh isə onun qardaşının yeznəsidir. Onlarla qonşuluqda təxminən 500 metr uzaqlıqda yaşayır. İddiaçı toy mərasimində, həmçinin evlərində keçirilmiş yığıncaqlarda iştirak etmişdir. Özünün maşını olduğu üçün tez-tez qardaşı və yoldaşını qızlarının evinə aparıb gətirmişdir. İddiaçı gəlin köçəndən sonra qaynatası bir müddət Lazımov Şahinin evində yaşamışlar. Daha sonra isə özlərinə balaca bir otaqdan ibarət dam tikib orda yaşamışlar. Ev tikilə-tikilə ər-arvad ikisi bir yerdə həmin evdə yaşamışlar. Onlar əvvəlcə aşağı padvalda yaşamış, sonradan binanın tikintisi başa çatandan sonra yuxarı mərtəbəyə köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, o, həm iddiaçı, həm də cavabdehlə qohumdur. İddiaçı İddiaçı onun qardaşı qızıdır. Cavabdeh Cavabdeh isə onun qardaşının yeznəsidir. Evləndikdən sonra onların yaşadıqları evə getmiş və onların ikisi mehriban şəkildə yaşamışlar. Gülnar evlənən zaman əvvəlcə qaynatası evinə gəlin köçmüşdür. Bir müddət sonra Gülnarın yoldaşı ilə birlikdə ev tiktiyini eşitmiş və olara qonaq getmişdir. Əvvəlcə evin bir otağı tikilmiş, orada ər-arvad kimi mehriban yaşamış, daha sonra isə evi artıraraq ikimərtəbəli ev olmuşdur. Evlərində hər cür şəraitləri olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan məhkəmə iclasında tədqiq edilən: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Kürdəmir rayon İHB-nin Sığırlı kəndi üzrə nümayəndəliyində ##.##.2019-cu il tarixdə 43 nömrə akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2019-cu il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması müəyyən edilmiş, ##.##.2025-ci tarixindən başlayaraq ##.##.2019-cu il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil vəkil2 ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Sığırlı kənd sakini Cavabdeh Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ** saylı Təsərrüfatbaşına kitabının 32-ci səhifəsinə əsasən onun istifadəsində 0.27 ha həyətyanı torpaq sahəsinin daxilində 150 kvm-lik iki mərtəbəli üç otaqlı fərdi yaşayış evi və nar bağı vardır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil vəkil1 ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, Kürdəmir rayon Sığırlı kənd sakini Cavabdeh Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ** saylı Təsərrüfatbaşına kitabının 32-ci səhifəsinə əsasən onun istifadəsində 150 kvm-lik iki mərtəbəli üç otaqlı fərdi yaşayış evi vardır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil vəkil1 ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, Kürdəmir rayon Sığırlı kənd sakini Lazımov Şahin Məhəmməd oğlunun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ** saylı Təsərrüfatbaşına kitabının 44-ci səhifəsinə əsasən onun istifadəsində 120 kvm-lik bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi vardır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil vəkil1 ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini ** saylı Təsərrüfatbaşına kitabının 32-ci səhifəsinə əsasən Cavabdeh istifadəsində olan fərdi yaşayış evində yaşayır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışından görünür ki, Lazımov X20 rayon Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə məxsus * nömrəli Təsərrüfatbaşına kitabının 44-cü səhifəsinə əsasən onun istifadəsində özünə məxsus 0.37 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 120 kvm-lik fərdi yaşayış evi vardır. ** nömrəli Təsərrüfatbaşına kitabının 32-ci səhifəsinə əsasən Lazımov Şahin Məhəmməd oğlu tərəfindən ümumi sahəsi 150 kvm olan oğlu üçün fərdi yaşayış evi tikmişdir. Hal-hazırda həmin evdə gəlini və nəvələri yaşayır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəkil vəkil2 ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-**/*-**/**** nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Sığırlı kənd sakini Cavabdeh Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ** saylı Təsərrüfatbaşına kitabının 32-ci səhifəsinə əsasən onun istifadəsində 0.27 ha torpaq sahəsi və (qeyd: Ev atası Lazımov Şahin Məhəmməd oğlu tərəfindən tikilmişdir.) 150 kvm-lik fərdi yaşayış vardır. Evin tikintisinə 2017-ci ildə başlanılmış 2020-ci ildə inşası başa çatmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** nömrəli məlumat və sənədlərin göndərilməsi barədə məktubdan görünür ki, Cavabdeh ümumibirgə mülkiyyətində Kürdəmir rayonu Sığırlı kəndində 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 1.2796 ha torpaq sahəsi Lazımov Şahin Məhəmməd oğlu, X3 və Cavabdeh mülkiyyətinə verilmiş, ##.##.2022-ci il tarixli 2722008869 qeydiyyat nömrəsi və 906013036681 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir; ##.##.1999-cu il tarixli, JN-*** nömrəli, KOD 90600038 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## #### 1998ci il tarixli ** nömrəli qərarı ilə Kürdəmir rayonunun Sığırlı kənd sakinləri Lazımov Şahin Məhəmməd oğlu, X7 və X3 mülkiyyətinə 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilib; İş materiallarında olan elektirik ödənişi üzrə üzrə yük hesabına dair sənəddən görünür ki, mübahisəli yaşayış sahəsi üzrə hesab açılmış və həmin hesab Cavabdeh adına rəsmiləşdirilmişdir. “xxxx” ASC-yə aid abonent və ödəniş rekvizitlərini əks etdirən sənəddən görünür ki, elektirik enerjisi üzrə abonent kimi Cavabdeh qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayonu, Sığırlı bələdiyyəsi ərazisində yerləşən, Cavabdeh yaşadığı yaşayış sahəsini əks etdirən və Sığırlı bələdiyyəsinin sədri tərəfindən imzalanmış sxematik plan (xəritə çıxarışlardan) sənədindən görünür ki, mübahisəli ev həmin şəxs tərəfindən istifadə olunur. Məhkəmə iddia tələbi üzrə aşağıdakı nəticəyə gəlir. İş üzrə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdehin iddia tələbinə etirazının əsaslandırıldığı hallar məhkəmə tərəfindən iş üzrə mövcud sübutlarla müqayisəli və qarşılıqlı əlaqədə qiymətləndirilərək belə nəticəyə gəlinir ki, həmin etirazlar öz təsdiqini tapmır və iddianın təmin olunmasına hüquqi maneə yaratmır. Cavabdeh mübahisəli yaşayış sahəsinin onun atasına məxsus olduğunu iddia etsə də, bu dəlil iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi ** saylı təsərrüfatbaşı kitabının 32-ci səhifəsinə əsasən mübahisəli yaşayış evi cavabdeh Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşir və onun təsərrüfatı kimi qeyd edilmişdir. Həmin nümayəndəliyin ##.##.2025-ci il tarixli arayışında da bu hal təsdiq edilir. Bu isə evin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyini və onun təsərrüfatına aid olduğunu göstərir. Həmçinin, iş materiallarında olan elektrik enerjisi üzrə abonent hesabının və “xxxx” ASC tərəfindən təqdim olunmuş ödəniş rekvizitlərinin cavabdeh Cavabdeh adına rəsmiləşdirilməsi, həmin yaşayış sahəsinin məhz cavabdeh tərəfindən istifadə olunduğunu təsdiq edən əlavə sübutlardır. Cavabdehin “ev atasına məxsusdur” dəlili iş üzrə sübutlarla ziddiyyət təşkil edir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubunda göstərilir ki, mübahisəli ev cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir və həmin ev 2017ci ildə başlanmış, 2020-ci ildə tamamlanmışdır. Bu fakt evin tikintisinin cavabdehin ailə təsərrüfatı çərçivəsində həyata keçirildiyini təsdiq edir. Həm də ##.##.2025-ci il tarixli *** nömrəli arayışa əsasən, cavabdehin atası Lazımov Şahin Məhəmməd oğlunun istifadəsində ayrıca 120 kvm-lik bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Bu hal, mübahisəli evin Cavabdeh istifadə etdiyi fərdi yaşayış evi ilə fərqləndiyini göstərir və cavabdehin “ev atasına məxsusdur” iddiasını təkzib edir. İş üzrə təqdim edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubunda evin cavabdehin atası tərəfindən tikildiyi qeyd olunmuşdur. Lakin həmin nümayəndə məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, bu ifadə evin tikintisinin maliyyələşdirilməsi və ya mülkiyyət hüququnun cavabdehin atasına məxsus olması kimi başa düşülməməli, yalnız həmin şəxsin kənddə usta kimi ev tikintisi ilə məşğul olması nəzərdə tutulmuşdur və evin maliyyə vəsaitləri barədə onun hər hansı məlumatı yoxdur. Bu hal göstərir ki, mübahisəli yaşayış evinin cavabdehin atasına məxsus olması barədə irəli sürülən dəlil iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən evin cavabdehin atası tərəfindən tikilməsi faktı onun həmin ev üzərində hər hansı mülkiyyət hüququna malik olmasını ifadə etmir. Araşdırılmış sübutlarla müəyyən edilir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilmişdir. Bu hal konkret sübutlarl təsdiq olunur. Şahid qismində dindirilmiş X5 və X6 izahatlarına əsasən, tərəflər əvvəlcə evin aşağı hissəsində (padvalda) yaşamış, ev ilkin olaraq sadə tikili olmuş, daha sonra isə mərhələli şəkildə genişləndirilərək iki mərtəbəli yaşayış evinə çevrilmişdir. Eyni zamanda, toplanmış sübutlar göstərir ki, mübahisəli evin tikintisi tərəflərin ailə büdcəsi və birgə səyləri nəticəsində həyata keçirilmişdir. Şahid ifadələrindən görünür ki, tərəflər uzun müddət həmin tikinti prosesində birlikdə yaşamış, evin mərhələli şəkildə genişləndirilməsində hər iki tərəfin iştirakı olmuşdur. Göstərilənlər onu təsdiq edir ki, mübahisəli yaşayış sahəsi tərəflərin birgə ailə fəaliyyəti nəticəsində formalaşmışdır. X1 izahatına görə isə evin tikintisinə 2017-ci ildə başlanılmış, 2020-ci ildə tamamlanmışdır. Bu məlumat Kürdəmir rayon İcra Hakimiyyətinin Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli arayışı ilə də təsdiq olunur. Həmin arayışda evin tikintisinin məhz göstərilən dövrdə aparıldığı və hazırda istifadə edildiyi qeyd edilmişdir. Beləliklə mübahisəli yaşayış sahəsinin tərəflərin birgə ailə həyatı dövründə formalaşdığını və istifadə edildiyini sübuta yetirir. Cavabdehin evin atasına məxsus olması barədə dəlili iş materialları ilə təsdiq olunmur. Əksinə, təqdim edilmiş sübutlar evin cavabdehin faktiki istifadəsində olduğunu, təsərrüfatbaşı kitabda onun adına qeyd olunduğunu və yaşayışın onun ailəsi tərəfindən həyata keçirildiyini göstərir. Beləliklə, iş üzrə təqdim olunmuş sübutlar – təsərrüfatbaşı kitabdan çıxarışlar, icra nümayəndəliyinin arayışları, elektrik abonent sənədləri və şahid ifadələri məcmu şəkildə qiymətləndirildikdə, mübahisəli yaşayış evinin cavabdehin ailə təsərrüfatında, onun faktiki istifadəsində olan və tərəflərin birgə nikah dövründə formalaşmış yaşayış sahəsi olduğu müəyyən edilir. İş materiallarında və məhkəmə iclasında baxılan, cavabdeh tərəfi tərəfindən təqdim edilmiş DVD diskdəki görüntülərdən də aydın olur ki, cavabdeh və onunla birlikdə olan qadın, iddiaçının etirazlarına baxmayaraq, evə daxil olmuş və bütün otaqlarda çəkiliş aparmışdır. Bu zaman qadın kobud ifadələr işlədərək təzyiq göstərmişdir. Bu hərəkətlər iddiaçının həmin evdə sərbəst və maneəsiz yaşamaq hüququnu pozmuş və evdə yaşamaq imkanını faktiki olaraq məhdudlaşdırmışdır. Məhkəmə iclasında iddiaçı qeyd etmişdir ki, həmin gün təsadüfən evə getmişdir və o gündən sonra bu evə getməyib, hazırda anası ilə yaşayır. Cehiz əşyaları isə həmin evdə qalmışdır. Bu hal bir daha təsdiq edir ki, iddiaçı həmin evdə faktiki olaraq yaşamaq və ya sərbəst şəkildə istifadə etmək imkanına malik olmamışdır. Bütün bu sübutlar göstərir ki, iddiaçı və onun azyaşlı uşaqları mübahisəli yaşayış sahəsindən davamlı və sabit şəkildə istifadə etmək hüququna malik olmamış, buna görə də onların həmin yaşayış sahəsinə köçürülməsi və orada yaşamasının təmin edilməsi zəruridir. Cavabdehin iddiaçının həmin evə köçürülməsinə qarşı irəli sürdüyü dəlillər iş materiallarında olan sübutlarla təkzib olunur və hüquqi əsaslı hesab edilə bilməz. Cavabdehin iddiaçının hazırda həmin evdə yaşaması ilə bağlı istinad etdiyi hallar isə iddiaçının həmin yaşayış sahəsindən sərbəst və maneəsiz istifadə etmək imkanına malik olmasını təsdiq etmir və bu səbəbdən iddia tələbinin rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bu hal həmin əmlakdan istifadə hüququnun mövcudluğunu istisna etmir. Özbaşına tikili anlayışı yalnız tikilinin hüquqi qeydiyyatını ifadə edir və faktiki istifadə münasibətlərini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əşyadan onun faydalı xassələrindən istifadə etmək imkanını ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən isə yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri həmin sahədən bərabər istifadə etmək hüququna malikdirlər. İş materialları ilə təsdiq olunur ki, iddiaçı nikah dövründə həmin evdə yaşamış, həmin ev onun və azyaşlı uşaqlarının faktiki yaşayış yeri olmuşdur. Cavabdeh tərəfindən iddiaçının evdən çıxarılması və evə daxil olmasına maneələr yaradılması isə iddiaçının qanunla qorunan istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, işdə iki azyaşlı uşağın mövcudluğu və onların mənafeyi üstün hüquqi qorunmaya malikdir. Uşaqların sabit yaşayış şəraitinin təmin edilməsi onların fiziki və psixoloji inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdehin iddiaçının uşaqları ilə birlikdə evə köçürülməsinə mane olması uşaqların mənafelərinə zidd olmaqla yanaşı, hüquqi baxımdan əsaslandırıla bilməz. Bu baxımdan, iddiaçının uşaqları ilə birlikdə sabit yaşayış sahəsinə malik olması onların üstün mənafelərinin təmin edilməsi baxımından zəruri hesab olunur. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin etirazları iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur, iddiaçının isə mübahisəli yaşayış sahəsinə köçürülməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin davranışı iddiaçının və azyaşlı uşaqların yaşayış sahəsindən istifadə hüququnun faktiki olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı azyaşlı övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında başqa razılaşma olmadığı təqdirdə, ailə üzvləri həmin yaşayış sahəsindən bərabər şəkildə istifadə etmək hüququna malikdirlər. İddiaçı azyaşlı övladı ilə birlikdə ailə münasibətləri çərçivəsində həmin evdən istifadə etmək hüququna malikdir və cavabdehlərin maneələri qanunsuzdur. Mübahisəli evin özbaşına tikili statusu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4cü maddəsinə əsasən daşınmaz əmlak kateqoriyasına aid olmasına baxmayaraq, iddiaçının həmin evdə yaşamaq və istifadə etmək hüququ qorunmalıdır. Bu hüququn təmin edilməsi, Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq, mülkiyyətçinin hüquqlarına toxunmadan, yalnız ailə münasibətləri çərçivəsində iddiaçının evdən istifadə imkanlarını tanıyır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətdiyindən iddaçının yaşayış sahəsinə köçürülməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd olunur ki, qanunvericilik və mövcud məhkəmə təcrübəsinə əsasən, “istifadə hüququ” və “istifadə etmək hüququ” fərqləndirilir və bu qətnamədə yalnız iddiaçının mübahisəli evdən istifadə etmək hüququ tanınır, mülkiyyət hüququna toxunulmur. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında izah edilir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, cavabdehin həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin özbaşına tikili statusu, iddiaçının istifadə etmək hüququnun həyata keçirilməsinə maneə yaratmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı övladları ##.##.2019-cu il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X2 ilə birlikdə nikahda olduğu müddətdə yaşadığı, cavabdeh Cavabdeh adına Kürdəmir rayonu Sığırlı kəndində yerləşən 1.29 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ikimərtəbəli, 3 otaqdan ibarət evə köçürülməsi barədə iddiası əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İddiaçı, övladları ##.##.2019-cu il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X2 ilə birlikdə cavabdeh Cavabdeh istifadəsində olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən ikimərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülsün və həmin yaşayış sahəsində yaşaması təmin edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar