Məhkəmə qərarları › İş №2(041)-2637/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2637/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2637/2025 05.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2019cu il təvəllüdlü X5 və 09 fevral 2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 246 manat, cəmi 492 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2011-cu ildə evlənib ailə hayatı qurmuş və nikahlarını rəsmi qeyd etmişlər. Birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Onlar 12 il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmişdir. Cavabdeh isə işləyir, müəyyən qədər pul qazanır və uşaqlarına heç bir maddi yardım etmir. O, uşaqları saxlamağa çətinlik çəkdiyinə görə aliment kəsilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin işləməsini, hər ay yaxşı pul qazanmasını və qarşı tərəf ilə razılıq əldə etmədiyini nəzərə alıb azyaşlı 09 fevral 2019-cu il təvəllüdlü X5 və 09 fevral 2019-cu il təvəllüdlü X2 üçün hər ay hər uşağa sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat, cəmi 492 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iddianın baxılmamış saxlanmasına etiraz etmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, iş üzrə sübutları tədqiq etmiş və tərəfin izahatını dinləmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur. İddiaçı ilə 2023-cü il tarixində nikahları pozulmuşdur. Uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 180 manat aliment ödəyə bilər. Maddi imkanının aşağı olmasına görə iddianın qismən təmin edilməsini, ona aşağı həddə alimentin təyin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-939/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Kürdəmir rayon Qeydiyyat şöbəsində 121 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan AA5768088 və AA5768041 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6, xx.xx.2019-cu il tarixdə isə X5 doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 hazırda anaları İddiaçı himayəsindədir və onun tərəfindən saxlanılır. Cavabdeh alimentin tutulmasına etiraz etməsə də, tələb olunan məbləği qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah münasibətləri Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rəsmi olaraq pozulmuş, tərəflər ayrı yaşayır və azyaşlı uşaqlar iddiaçının himayəsində qalır. Məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri məhkəmə qaydasında pozulduğundan, tərəflər ayrı yaşadığından və azyaşlı uşaqlar iddiaçının yanında olduğundan iddiaçının uşaqların saxlanılması üçün aliment tələbi əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş materiallarını və cavabdehin izahatını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh taksi fəaliyyəti ilə məşğuldur, gəliri qeyri-müntəzəmdir və tərəflər arasında alimentin könüllü ödənilməsi barədə saziş mövcud deyildir. Həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə aparılmış sorğu nəticəsində cavabdehin rəsmi əmək haqqı və ya sabit gəlir mənbəyi barədə məlumat müəyyən edilməmişdir. Bu hal cavabdehin gəlirlərinin qeyri-müntəzəm xarakter daşıdığını təsdiq edir. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasın Prezidentinin sərəncamına əsasən 2025-ci ilin yanvarın 1-dən minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Cavabdehin ümumi gəlirləri və uşaqların təminatı, ehtiyacları, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğini nəzərə alaraq, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli həddində, yəni 180 (bir yüz səksən) manat məbləğində (400 x 0,45 = 180 manat) aliment tutulması məqsədəuyğundur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalı və dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilən Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 63.20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar