Məhkəmə qərarları › İş №2(041)-32/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-32/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-32/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh X1 qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7340 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 21 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı-Quba-Dağıstan yolunda iddiaçının idarə etdiyi “Hyundai Accent” markalı ** SC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh idarə etdiyi “BMW 528” markalı, ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. “X5” MMC-nin təsdiq etdiyi qüsur aktına əsasən avtomobilinə ümuimilikdə 7340 manat maddi ziyan dəymiş dəymişdir. Cavandeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh məhkəmədən kənar həmin zərərin ödənilməsindən yayınır. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: - AZERTECH SERVİS MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Hyundai Accent” markalı ** SC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 7340 manat ziyan dəymişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, HK-1/343 saylı materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati protokol tərtib edilməsi üçün BDYPİ-nin YPX alayına göndərilmişdir. - xx.xx.2023-cü il tarixli 9/8498 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə AZERTECH SERVİS MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Accent” markalı ** SC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4885 manat müəıyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus “Hyundai Accent” markalı ** SC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2023-ci il tarixdə qəzaya uğramış, hadisə nəticəsində xəsarət alan olmamış, avtomaşına maddi ziyan dəymişdir. Hazırki iddiasında iddiaçı cavabdehdən avtomaşına dəymiş maddi ziyanın 7340 manat olduğunu bildirir və iddiasının əsası kimi AZERTECH SERVİS MMC-nin qüsur aktını sübut kimi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işin müəyyən edilən hallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil qəzalı vəziyyətə düşmüş, avtomobilə dəymiş ziyan AZERTECH SERVİS MMC tərəfindən 7340 manat qiymətləndirilmişdir. İş üzrə təyin edilərək keçrilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8498 nömrəli rəyində “Hyundai Accent” markalı ** SC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 4885 manat göstərilmişdir. Məhkəmə ekspert rəyini işin hallarına uyğun hesab edərək, iş üzrə möhtəbər sübut kimi qəbul edir və həmin məbləğdə iddianın təmin edilməsini məqsədəuyğun və hər iki tərəfin mənafeyinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4885 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4885 (dörd min səkkiz yüz səksən beş) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar