Məhkəmə qərarları › İş №2(041)-758/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-758/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-758/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı və JN-105, KOD 90611058 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun Garıs- Əyribənd kəndi ərazisində yerləşən 9,05 ha torpaq sahəsinə dair faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsinin (əqdin) bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, o, hazırda Kürdəmir rayonun Garıs-Əyribənd kəndində yaşayır. 2004-cü ildə Garıs-Əyribənd kənd sakini yacın qoumu Etibar Əliyev ona müraciət edərək kənd sakini Cavabdeh4 ona müraciət edərək kəndin ərazisində yerləşən, ona və ailə üzvlərinə məxsus 9,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Etibar isə nəğd pulunun olmadığını bildirib ona pul verməsini xahiş etmişdir. Etibarın vasitəsilə cavabdehlərlə görüşüb hər hektarına 500000 olmaqla cavabdehlərə pul vermişdir. Həmin vaxt kənd İcra nümayəndəsinin və bir neçə şahidlərin iştirakı ilə Cavabdeh4 və onun ailə üzvlərinə məxsus torpaq sahəsini onlardan ömürıük almış və bu barədə aralarında razılıq əldə olunmuşdur. Cavabdeh4 və onun ailə üzvləri ayrı-ayrılıqda izahat verərək torpaq sahəsini ona satdıqlarını bildirmişlər. Lakin həmin vaxt notariat qaydasında alqı-satqı həyata keçirməmişlər. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini istifadə etmək üçün etibar Əliyevə vermişdir.Onlar torpağı əkmək istəyəndə Cavabdeh4 həmin torpaq sahəsini kənd sakini Rəhman Dəmirova icarəyə verdiyi məlum olmuş və torpağı əkmək üçün bir il müddətində gözləmək məcburiyyətində qalmışdır. 2005-ci ildə o, həmin torpaq sahəsində əkin işləri aparmış, əkin sahəsini əkin üçün tam yararlı vəziyyətə gətirmiş və 2016-cı ilədək o,fasiləsiz olaraq həmin torpaq sahəsini əkmişdir. 2016-cı il tarixdə isə cavabdehlər etibar Əliyevi məhkəməyə verərək torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. O, cavabdehlərə dəfələrlə danışıq aparıb torpaq sahəsini aldığını və torpağın ona məxsus olduğunu desə də cavabdehlr onunla razılaşmamaışlar. O, da aralarında olan mübahisənin məhkəmədən kənar həll olunmayacağını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də iddiasının təmin edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı və JN-105, KOD 90611058 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində yerləşən 9,05 ha torpaq sahəsinə dair faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbləbir barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh4 və onun ailə üzvlərinə Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1999-cu tarixli 09 saylı qərarı ilə 9,05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən JN 105 KOD 90611058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Cavabdeh4 və onun ailə üzvləri onların adına verilmiş JN 105 KOD 90611058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların ailə üzvlərinə verilmiş 9,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satmaqla bağlı razılığa gəlmişlər. Bununla bağlı 02 dekabr 2004-cü il tarixdə Kürdəmir rayonu İcra Hakimiyyəti Karrar kənd İnzibati Ərazi Dairəsində cavabdehlər çöl sahəsində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün cavabdehlərə verilmiş 9,05 ha torpaq sahəsini iddiaçıya satmaları barədə ərizəyə imza etmişlər. Cavabdeh4 və onun ailə üzvlərinə verilən 9,05 ha torpaq sahəsini o vaxtki məzənnə ilə ******* manat pulu nəqd olaraq iddiaçıdan almaları barədə akta imza etmişlər. Həmin akt Küdəmir rayonu İcra Hakimiyyəti Karrar kənd İnzibati Ərazi Dairəsində imzalarla təsdiq edilmişdir. Torpağı satan şəxslərlə aralarında ilkin alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh4 və onun ailə üzvləri mübahisələndirilən torpaq sahəsi iddiaçıya təhvil verilsə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Sonradan cavabdehlər Kürdəmir ryaon məhkəməsində iddia qaldıraraq mübahisəli torpaq sahəsini satmadıqlarını və həmin torpaq sahəsini Etibar Əliyevə icarəyə verdiklərini iddia edərək Etibar Əliyevin məcburi qaydada onlara məxsus olan torpaq sahəsindən çıxarılmasını xahiş etmiş və məhkəmə iddianı təmin edərək cavabdehlərə məxsus və Kürdəmir rayon Garıs-Əyribənd kəndində yerləşən 9,05 ha torpaq sahəsindən Etibar Əliyevin məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilmiş, lakin Etibar Əliyev qətnamənin icrasında yayınmışdır. İşə əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-105 KOD ******* saylı xx.xx.1999-cu il tarixli Dövlət aktının olunmuş surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 09 saylı qərarına əsasən Cavabdeh4 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində 9,05 hektar pay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş və Kürdəmir rayon İHB-nin Karrar kənd icra nümayəndəsinin müavini Ş.Səftərov iştirakı ilə xx.xx.2004-cü il tarixli aktın surıtindən görünür ki, Cavabdeh4 Garıs-Əyribənd kəndi ərazisində özünə və ailə üzvlərinə məxsus 9,05 hektar pay torpaq sahəsini İddiaçı ömürlük istifadə üçün satmışlar. İşə əlavə olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh4 ailə üzvləri - Dövlət aktı ilə onlara verilən pay torpaq sahəsinin İddiaçı satılmasına razı olduqlarını bildirmişlər. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 may 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. İş materiallarına əlavə edilmiş JN 105 KOD 90611058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh4 və onun ailə üzvlərinə 9,05 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmələri və bunla bağlı cavabdehlərin müqavilə öhdəliyindən irəli gələn vəzifələrini yerinə yetirməyərək notariat orqanına getməkdən imtina etməsi barədə məhkəmələrə hər hansı sübut növü təqdim etməmişdir. İddasını əsaslandıracaq hər hansı sübut iş materiallarında müəyyən edilməmiş, müqavilə notariat qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar