Məhkəmə qərarları › İş №2(041)-794/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-794/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-794/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat aliment, uşağın müalicəsi üçün əlavə olaraq 200 manat mbləğində alimentin və mediasiyada ödədiyi 50 amant pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, iddiaçı cavabdehlə 2011-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Cavabdehlə ər-arvad kimi yaşadıqları müddətdə xx.xx.2011-ci il tarixdə Ayxan adlı uşaqları anadan olmuşdur. Lakin buna baxmayaraq cavabdeh oğlu Ayxanın nə də onun hansı şəraitdə saxlamağıa ilə maraqlanmır. Cavabdeh isə fərdi əməklə məşğul olub ay ərzində kifayət qədər pul qazansa da öz uşağı qarşısında valideynlik borcunu və hüquqlarını yerinə yetirmir. Ona görə də məcbur olub böyüməkdə olan oğlu Ayxanın artan təlabatlarını ödəmək üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Oğlu Ayxan “ağır sudurğa” nitqin pozulması və görmə diaqnozu ilə müalicə alır. Maddi imkanı zəif olmasına görə uşağını həkim müayinəsinə apara bilmir. Ona görə də cavabdehdən aliment və uşaq üçün müalicə pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 2011-cu il tarixdə ailə həyatı qurmuşdur. Lakin rəsmi nikahları olmayıb. Faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə Ayxan adlı uşaqları anadan olub. Əvvəllər ailə münasibətləri normal olsa da son vaxtlar aralarında yaranmış narazılıq ailə münasibətlərinin dağılmasına səbəb olmuşdur. Buna səbəb isə cavabdehin ona qarşı etdiyi hərəkətlər, onu bir ailə kimi saymaması olmuşdur. Hazırda heç bir yerdə işləmir, sabit gəlirə malik deyil. Uşağına aliment ödənilməli olduğunu bilir, lakin əldə etdiyi gəlir az olduğu üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməz. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur.Uşağın atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İş materiallarına eyni zamanda, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 ayrı-ayrı vaxtlarda müayinə və müalicə olunması ilə bağlı sənədlərin surətləri əlavə edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından Ayxan adlı uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Tərəflərin ailə münasibətləri baş tutmadığı üçün ayrılıblar, hazırda iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. İddiaçı azyaşlı uşağını maddi cəhətdən təmin edə, onun təlabatını ödəyə bilmədiyini bildirir və cavabdehdən aliment və müalicə pulu tələb edir. Cavabdeh isə iddia tələblərini qismən qəbul edir, iddiaçıya göstərilən miqdarda aliment ödəməyə imkanının olmadığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay sabit pul məbləğində 120 manat müəyyən edilməklə, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. Uşağın müalicəsi üçün əlavə olaraq 200 manat məbləğində alimentin və mediasiyada ödədiyi 50 manat pulun alınıb ona verilməsi hissəsində isə məhkəmə qeyd edir ki, iddiaçı uşağın müalicəsinə çəkdiyi və çəkməli olacağı vəsaitlə bağlı heç bir sübut təqdim etmədiyi üçün bu hissədə iddia rədd edilməlidir. Mediasiya ödədiyi rüsumla bağlı məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona görə də, aliment xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, qanunun tələbinə görə iddiaçı mediasiya xərcini ödəməklə dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdeh ödəniləcək illik alimentin həcminə görə dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 233.1-ci maddəsinə görə bu Məcəllənin 355-7.4cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 120 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 120 (yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 34.40 (otuz dörd manat 40 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar