Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-923/2025 01.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 aprel 2022-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər 2021-ci ildə evlənib ailə həyatı qurmuşlar, lakin nigahlarını rəsmi olaraq qeyd etdirməyiblər. Ər-arvad kimi yaşadıqları müddətdə 1 uşaqları olmuşdur. Onlar 6 ay bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşdi. Hazırda azyaşlı uşağı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Cavabdeh isə işləyir müəyyən qədər pul qazanır və uşağına heç bir maddi yardım etmir. O atalığın müəyyən edilməsi üçün Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciyət edib. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(041)-41/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə X7 faktiki nikahından 03 aprel 2022-ci il tarixdə anadan olmuş X5 atası Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh olması müəyyən edilmişdir. Bundan sonra o Hüseyinin doğum haqqında şəhadətnaməsini dəyişdirərək, atası qrafasında X8 göstərilmişdir. O uşağı saxlamağa çətinlik çəkdiyinə görə alimen kəsilməsi üçün Kürdəmir rayon Məhkəməsinə müraciyət etmişdir. Cavabdeh iddiaya dair etiraz ərizəsində göstərilmişdir ki, o, 2021-ci il 14 mart tarixində iddiaçı ilə ailə qurmuş. 2022-ci il 03 aprel tarixində Hüseyn adlı övladı dünyaya gəlib. Cavabdehin və ailəsinin məkirli niyyətləri ucbatından iddiaçı evlərinə qayıtmaq istəyib. Nə qədər ailənin dağılmamasını istəsə də buna nail ola bilməmişdir. İddiaçının məqsədi müvəqqəti ailə olub uşağı olsun müəllim adamdır aliment alaram fikri ilə onunla ailə qurubmuş. Hamilə olduğunu bilən kimi evlərinə qayıtmağı və 3 ildə heç bir dəfədə olsun ounla əlaqə saxlamaması və barışmaq istəməməsi buna misaldır. İddiaçı ondan 300 manat aliment tələbi ilə məhkəməyə müraciət edib. O Salyan rayonunda Fiziki tərbiyə müəllimi işləyir. Aylıq nəvacibinin məbləği haqqında çıxarışı Kapital bankdan alıb və etiraz ərizəsi ilə bərabər məhkəməyə təqdim edib. Məhkəmədən xahişi odur ki, qanunun tələbinə uyğun olaraq əmək haqqının ¼ hissəsini övladına verilməsini məhkəmədən xahiş edir. Özü də şəkərli diabet xəstəsidir, insulinlə yaşayır. İşə Şirvan şəhərindən Salyana gedir. Onun əmək haqqının 100 manatı yol haqqına gedir. Cavabdeh uşağı saxlaya bilmirsə, uşağı ona versin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddaya dair etirazda qeyd etdiyi xüsusatları təsdiq edərək, Salyan Regional Təhsil İdarəsində işlədiyini, 418 manat əmək haqqı aldığını, əmək haqqının ¼ hissəsinin aliment kimi uşağa verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşdə olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022ci il tarixdə anadan olub, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan əmək müqaviləsinin surətindən məlum olur ki, cavabdeh Əliyev X10 Regional Təhsil İdarəsində fiziki tərbiyə müəllimi vəzifəsində işləyir, işçiyə hər ay 418.83 manat əmək haqqı ödənilir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.6-cı bəndinə görə daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında ailə münasibətləri qısa müddət kəsiyində mövcud olmuş, hamiləlik dövründə iddiaçı valideynlərinin yanına qayıtmış, aralarında nikah olmadığına görə uşağın atalığı məhkəmə qaydasında müəyyən edilmişdir. Uşağın anası dediyinə görə işləmir, atası iş üzrə cavabdeh Əliyev X10 Regional Təhsil İdarəsində fiziki tərbiyə müəllimi vəzifəsində işləyir, ona hər ay 418.83 manat əmək haqqı ödənilir. Belə bir halda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11 mart 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 11 mart 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-923/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-923/2025
01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver