Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-962/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliklərinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(041)-346 saylı qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliklərinə (cavabdehin rəsmi ailə qurduğu vaxtdan) xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, Kürdəmir rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində 110 manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 2021-ci ilin ortalarında Cavabdeh dul kişi ilə rəsmi nikaha daxil olaraq yenidən ailə həyatı qurmuş və birlikdə kənddə yaşayırlar. Azəbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının üzərinə qoyulmuş aliment öhdəliklərinə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi maddi hüquq normasını düzgün təfsir edə bilmədiyi üçün məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamadıqda ödənilən alimentlə yanaşı ər-arvadın da bir-birini saxlamaq vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Aliment öhdəliklərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyən Ailə Məcəlləsinin 113.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Məcəllənin 113.2.5-ci maddəsində göstərilən hal (əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda) valideynlərin uşaqların saxlanması üçün yox, ər-arvad arasında mövcud olan aliment münasibətlərinə şamil edilir. İddia ərizəsində istinad edilən Kürdəmir rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(041)-346/2019 saylı qətnaməsi ilə İddiaçı tutlan aliment keçmiş arvadı Cavabdeh deyil, xx.xx.2017-ci il tarixdə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi iddiaçının hər hansı formada pozulmuş hüquq və mənafelərinin müdafiəsinə yönəlmədiyindən, bu tip iddialar mülki məhkəmə icraatının proreqativinə daxil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliklərinə xitam verilməsi tələbinə dair iddiası üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-962/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-962/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver