Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-990/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər bir uşağa görə sabit pul məbləğində 235 manat, cəmi 705 manat məbləğində alimentin təyin olunması, həmçinin mediasiya xidmətinə ödədiyi 50 manatın və sənədlərin hazırlanmasına xərc olunan 12 manatın cavabdeh Kürdəmir rayon Yenikənd kənd sakini Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, tərəflər xx.xx.2009-cu il tarixdə ailə həyatı qurub, nikahları xx.xx.2009-cu il tarixdə Kürdəmir rayon İHB-nın Yenikənd kənd icra nümayəndəliyində AZ-1 577111 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahlarından 3 övladları, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşamış, ailələrində problemləri olmamışdır. Lakin 3 ilə yaxındır ki, cavabdeh başqa bir qadınla tanış olmuş, onunla həyat yoldaşı kimi yaşamağa başlamışdır. Ərinin deməsinə görə həmin qadının 14 yaşında bir uşağı var. Həmçinin ərinin həmin qadından bir uşağı da dünyaya gəlmişdir. Hazırda əri taksi fəaliyyəti ilə məşğul olur. Uşaqlarına heç bir yardım etmir. Son üç ildə özünün və uşaqlarının maddi təlabatını cavabdehin valdeynlərinin hesabına həmçinin, öz valideynlərinin hesabına ödəyir. Kiçik övladının səhətində probləmlər olduğundan işləyə bilmir. Keçən müddət ərzində özünün və cavabdehin valideynlərinin cəhdlərinə baxmayaraq cavabdeh öz əməllərindən əl çəkmir. Cavabdeh onlara heç bir yardım etmədiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə iclasında iddiaçı iddia tələbirinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə nikahlarını xx.xx.2009-cuil tarixdə qeyd etdirməklə ailə həyatı qurub. Onların birgə nikahlarından 3 övladları anadan olub. Ailə münasibətləri yaxşı olsa da son vaxtlar münasibətləri pozulub. Belə ki, ikinci dəfə ailə həyatı qurduğu üçün iddiaçı ondan ayrılıb. Lakin buna baxmayaraq uşaqlarına hər bir yardım göstərir. Onların bütün tələbatları ilə məşğul olur. Hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçının izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2009-cu il tarixdə Kürdəmir rayon İHB-nın Yenikənd kənd icra nümayəndəliyində 27 nömrə ilə qeydə alınmış nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. - işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2010-cuil tarixdə, X7 xx.xx.2012-ci il tarixdə, X6 xx.xx.2018-ci il tarixdə anadan olub. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə İddiaçı birgə nikahlarından Ramal, Mələk və Həmail adlı üç uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Tərəflərin ailə münasibətləri baş tutmadığı üçün ayrılıblar, hazırda iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. İddiaçı azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə, onların təlabatını ödəyə bilmədiyini bildirir və cavabdehdən aliment tələb edir. Cavabdeh isə iddia tələblərini qəbul etməyərək uşaqlarına hər bir yardım etdiyini bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı tutulmalı olunan alimentin miqdarının cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İddiaçı mediasiya xərci kimi ödədiyi 50 manatın və iddianın tərtib edilməsi üçün ödənilmiş 12 manat pulun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə tələb olunan 100 manat dövlət rüsumunun mediasiya xərci kimi ödənilmiş 50 manat hesaba alınarsa, qalan 50 manatla birlikdə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehə aid edilməlidir. İşə əlavə edilmiş, mədaxil qəbzindən məlum olur ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin notariat qaydada təsdiq edilməsi üçün 12 manat “Kapital Bank” vasitəsilə notariat rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı iddiaçıya, 25 manat hissəsi, iddiaçının notariat rüsumu kimi ödədiyi 12 manat pulun 6 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu ildə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə hər uşağa görə 130 (bir yüz otuzi) manat, cəmi 390 (üç yüz doxsan) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat və ödənilmiş notariat rüsumunun əvəzi olaraq 6 (altı) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-990/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-990/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver