Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-102/2025 13.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında 02 sentyabr 2024-cü il tarixdə şifahi formada bağlanmış ev quşlarının alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödədiyi 2460 manatın cavabdehdən alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının 2-də Cavabdeh bir ədədi 22 manat olmaqla 2460 manata 112 ədəd qaz almışdır. Bu barədə aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı zamanı quşlarda xırıltı olmuş, bunun səbəbini soruşduqda, cavabdeh qazlarda heç bir xəstəlik olmadığını bildirmişdir. Onlar quşlarda xəstəlik aşkar olunarsa, qaytarılma barədə müddət təyin etməmişlər. O, cavabdehə inanmış və alıdığı 112 ədəd qazı cavabdehlə birlikdə Arıxdam kəndində yerləşən evinə gətirmişdir. Bir gün sonra qazların üçünün yem yemədiyini, digərlərinin isə xırıltılarının kəsilmədiyini görmüşdür. O, cavadehə 03 sentyabr 2024-cü il tarixdə zəng vuraraq, satdığı qazlarda xəstəlik olduğunu və geri qaytarmaq istədiyini bildirmişdir. Lakin cavabdeh yenə də eyni sözü deyərək, qazların istiyə düşdüyünü və pulu xərclədiyini bildirmişdir. Dəfələrlə cavabdehə satdığı ev quşalrının xəstə olduğunu və gəlib onları aparmasını demiş, lakin o, bir neçə dəfə gəlib qazlara baxsa da, onu aldadaraq, qazların istiyə düşdüyünü, quşlarda heç bir xəstəlik olmadığını bildirmişdir. Nəhayət həmin qazlardan 16 ədədi ölmüşdür. O, bu barədə də cavabdehə dəfələrlə məlumat vermiş, lakin cavabdeh qazları təhvil almamış, pulu qaytarmamşdır. Beləliklə, qazların hamısı ölmüşdür. Hətta qazlarda olan xəstəlik onun özünə məxsus digər ev quşlarına da keçmiş, ona ziyan dəymişdir. Bununla əlaqədar o, baytar həkimi dəvət etmiş, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-tarixdə həmin qazlara baxış keçirilmiş, bu barədə akt tərtib olunmuşdur. 01 oktyabr 2024-cü ildə ölmüş qazların xəstəliyini müəyyən etmək üçün müayinə aparılmış, qazlarda pasterelloz xəstəliyinin olması aşkar edilmişdir. Yəni, cavabdeh ona xəstə ev quşlarını satmış, həmin quşlar bir müddət sonra tələf olmuş, ona maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə 2024-cü ilin sentyabr deyil, avqust ayının 4-də alğı-satqı müqaviləsi bağlamış, ona 112 ədəd qaz satmışdır. Ümumiyyətlə, həmin gün, müxtəlif şəxslərə, cəmi, 182 ədəd qaz satmışdır. Digər şəxslərə satdığı qazlarda heç bir xəstəlik aşkar edilməmişdir. İddiaçı özü də 18 avqust 2024-cü il tarixdə bazarda ona yaxınlaşmış, qazların sağlam olduğunu bildirmiş, ona təşəkkür etmiş, ondan daha 25 ədəd qazı nisyə almış, bir həftədən sonra pulunu ödəyəcəyini bildirmişdir. O, bir həftədən sonra qazların dəyəri olan 625 manatı iddiaçıdan istəmiş, iddiaçı onu təhdid edərək, qazlarda xəstəlik olduğnu, pulu verməyəcəyini, məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı nisyə aldığı qazların pulunu verməmək üçün onu təhdid edir. İddiaçı başqa şəxslərdən də çoxlu miqdarda qaz almışdır. Onun həyətində eyni vaxtda 1000 ədəddən çox quş olmuş, onları eyni yerdə saxlamışdır. Xəstəlik başqa qazlardan da keçə bilərdi. O, iddiaçıya sağlam quşlar satmışdır. İddiaçı bundan əvvəl də saxladığı quşların Qızıl Mədəninin axıtdığı sulardan zəhərlənməsini bildirmiş, təhdid yolu ilə Mədəndən pul almşdır. Halbuki, Mədənin işi uzun müddətdir ki, dayanmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Məcəllənin 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Qida məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 423.2-ci maddəsinə əsasəm müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallar sübut eilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2024cü ilin avqust və ya sentyabr aylarında quşların alğı-satqısı ilə əlaqədar şifahi müqavilə bağlamış, iddiaçı cavabdehdən 112 ədəd qaz almışdır. Müqavilə bağlanılarkən tərəflər quşlarda ola biləcək başlıca qüsurları və qarantiya müddətini müəyyən etməmişlər. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-102/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-102/2025
13.01.2025 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver