Məhkəmə qərarları › İş №2(042)-1112/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1112/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1112/2022 13.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi,məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh aylıq qazancının 1/4 – hissəsi miqdarında alimentin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə 2018-ci il tarixdə faktiki olaraq ailə qurmuşdur. Ailə münasibətlərindən onların xx.xx.2019-cu il tarixdə X5 doğulmuşdur. Əvvəllər cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş və ayrılmışlar. Hazırda o, valideynlərinin evində yaşayır və azyaşlı uşaq onun himayəsindədir. Onun maddi vəziyyəti çox pisdir. Cavabdeh hərbiçidir və aylıq əmək haqqı yüksəkdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, onun aylıq qazancı 1200 manat təşkil edir. Aliment ödəməkdən imtina etmir. Lakin alimentin az miqdarda təyin edilməsini və iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2019-cu il tarixdə QuluzadəTunar Tural oğlu doğulmuşdur. İşdə olan X4 Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cuil tarixdə doğulmuş X3 atasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 76.1 və 76.1.1. 1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2018-ci il tarixdə ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2019-cu il tarixdə X5 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulmuş və iddiaçı azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə gəlmişdir. O, azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ona minimum yaşayış imkanı yaradılmalıdır. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixdə doğulmuş QuluzadəTunar Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilsin. Alimentin tutulması 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar