Məhkəmə qərarları › İş №2(042)-1129/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1129/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1129/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızna qarşı mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, mənəvi ziyanın ödənilməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı və Cavabdeh qıznın iştirakları ilə İddiaçı Cavabdeh qızna qarşı mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı cavabdehdən mənəvi ziyana görə 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manatın alınaraq, ona ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Alıyeva X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan 6686 manat pulun ödənilməsini tələb etmişdir. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, 22 baş xırdabuynuzlu heyvanlar xəstələndiyi üçün onun işlədiyi baytarlıq aptekinə müraciət etmiş və heyvanlar üçün dərman almışdır. Daha sonra cavabdeh həmin heyvanları peyvənd etmiş və heyvanlar ölmüşdür. Bundan sonra cavabdeh Gədəbəy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən verilmiş rəyə əsasən heyvanlarda heç bir xəstəlik aşkar edilməmiş, guya heyvanların zəhərlənmə nəticəsində öldüyü bildirilmişdir.Bununla belə, cavabdeh heyvanların onun satdığı dərmanın təsirindən öldüyünü iddia etmiş, əvvəlcə polis orqanına şikayət vermiş, daha sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdmişdir. Həmçinin cavabdeh əlavə olaraq onun barəsində “Xəzər TV” televiziya kanalına yalan və əsassız məlumatlar verərək, şər və böhtan xarakterli məlumatları yaymışdır. Cavabdehin bu hərəkətləri onun işgüzar nüfuzunun ləkələnməsinə və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsi haqqında qərar çıxarılmasını xahiş edir. II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etriaz etmiş, izahat verərək, bildirmişdir ki, o, təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanlar müalicəsi ilə əlaqədar iddiaçıya müraciət etmiş, iddiamçı heyvanları müayinə etmiş və dərman yazmışdır. Həmin dərmanvurulduqdan sonra heyvanlar ölmüşlər. O, iddiaçıya səhv dərman verməsi ilə əlaqədar ona vurduğu ziyanın ödənilməsini təkilif etmiş. İddiaçı əvvəlcə razılaşmış, lakin sonradan imtina etmişdir. O, Gədəbəy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət etmiş, verilmiş rəyə əsasən heyvanlarda heç bir xəstəlik aşkar edilməmiş, heyvanların zəhərlənmə nəticəsində, yəni cavabdehin səhvi nəticəsində öldüyü müəyyən edilmişdir.Ona görə də o, polis orqanına şikayət etmiş, sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddia tələbi qismən təmin edilmişdir. Lakin iddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Hazırda apellyasiya şikayətinə baxılır. İddia etdiyi tələb əsasızdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası MPM-nin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

8. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Azərbaycan Respublikası MPM-nin - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

10. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

11. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

12. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı baytar həkimi deyil və heyvanları müayinə etmək hüququ olmadığı halda, cavabdehə məxsus heyvanları müayinə etmiş, diaqnoz qoymuş və heyvanların müalicə olunması üçün hansı dərmanın verilməsini müəyyən etmişdir. Nəticədə cavabdehə məxsus 22 baş heyvan tələf olmuşdur. Heyvanların tələf olması səbəblərini müəyyən edilməsi üçün müayinələr aparılmış və onların iynə vurulduqdan sonra zəhərlənmə nəticəsində tələf olmaları müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan vurulmuş ziyanı aradan qaldırmasını tələb etmiş, iddiaçı imtina etdikdən sonra məhkəməyə müraciət etmək hüqundan istifadə etmişdir. Hazırda tərəflər arasında olan mübahisəyə apellyasiya instansiyasında baxılır. Məhkəmə araşdırması ilə cavabdehin kütləvi informasiya vasitələrində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkləyən təhqiredici ifadələr işlətməsi halını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.

V. Nəticə:

13. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar