Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1236/2025 08.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki evlənməklə nikahlarını 26 aprel 2011-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 23 mart 2011-ci ildə X5 və 09 iyul 2012-ci ildə X4 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqlarının onun yanında qalması müəyyən edilmişdir. Hazırda yetkinlik yaşına çatmamış uşaqlarının maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün aliment ödəmək iqtidarındadır. Belə ki, cavabdeh Rusiya Federasiyasında ticarətlə məşğuldur. Belə ki, paltar mağazası vardır və aylıq yüksək qazanc əldə edir. Cavabdehin maddi imkanı yaxşı olduğundan hətta tez-tez gəzmək üçün Azərbaycan Respublikasına gəlib gedir. Hətta onu aliment tələb etməmək üçün hədələyir və uşaqlarını da aliment ödəməmək üçün ondan imtina etməyə məcbur edir. Hər dəfə uşaqları bütün bunlara görə əsəb və qorxu keçirirlər. Cavabdeh buna görə dəfələrlə onu döymüşdür. Ona görə də nikahları pozulandan sonra aliment tələb etməmişdir. Hazırda isə artıq maddi vəziyyəti dözülməz həddə gəlmişdir. Uşaqları böyümüş, orta məktəbdə təhsil alırlar. O, uşaqların nəninki geyimlərini, hətta qidalarını belə çatdırıb ala bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, İddiaçı ilə 4 ildir ki, ayrı yaşayırlar. 30 iyun 2021-ci ildə nikahları pozulmuşdur. İddiaçı ilə aralarında razılığa gəlmişlər. İddiaçı hal-hazırda ona məxsus evdə yaşayır. Övladları üçün maddi cəhətdən gücü çatdığı qədər köməklik göstərmişdir. Hər ay 100-200 ABŞ dollar məbləğində uşaqları üçün pul göndərmişdir. Övladı xəstələnmiş, onun müalicəsi üçün 2000 manat pul göndərmişdir. Məktəb açılmamışdan qabaq övladları üçün məktəb paltarı almışdır. İş yeri yoxdur. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, iş materiallarında olan; - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə və X4 xx.xx.2012-ci il tarixdə doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında isə İddiaçı qeyd edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-561/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26 aprel 2011-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 № ilə qeyd edilmiş nikahın pozulması, ümumi uşaqları – 09 iyul 2012-ci il təvəllüdlü X4 və 23 mart 2011-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Cavabdeh qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.
8. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh 26 aprel 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuşdur. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü uşaq X6 və xx.xx.2012-ci il təvəllüdlü uşaq X4 adından iki övladları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı məhkəmədə iddia qaldıraraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmasını məhkəmədən xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; -75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
11. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində olmaqla, qərara uyğun hesablanmalı və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (alimentin məbləği 180 : minumum əmək haqqının məbləği 400=0,45) həddində müəyyən edilməlidir.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
16. Bu səbəbdən məhkəmə xx.xx.2011-ci il təvəllüdlü uşaq X2 və xx.xx.2012-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən bir il ərzində ödəmənilməli olan alimentin məcmusu üzrə hesablamaqla 63,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 09 iyul 2012-ci il təvəllüdlü X1 və 23 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov