Məhkəmə qərarları › İş №2(042)-1261/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1261/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1261/2024 09.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr alimentin təyin edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə anadan olmuş oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılıb tərbiyə edilməsi üçün Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulması və alimentin əvvəlinin ikin mediyasiya təşkilatına müraciət etdiyi - xx.xx.2024-cü il tarixdən hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ildə faktiki olaraq ailə qurmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə boşanmışdır. Cavabdehlə birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X2 adına bir övladları olmuşdur. Oğlu onun himayəsində yaşayır. Cavabdeh könüllü olaraq uşağına heç bir köməklik göstərmir. Cavabdeh "xxxx" QSC-də baş usta vəzifəsində işləyir.Cavabdehin aylıq gəliri təxminən 1500 manat təşkil edir. Odur ki, Cavabdeh aylıq hər cür qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını istəyir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, heç bir yerdə işləmir. Birgə nikahlarından anadan olmuş uşağın birgə yaşadıqları dövrdə saxlanılmasına təxminən 200 manat xərclənirdi. O, cavabdehlə əvvəlcə ayırılmış, aralarında olan nikah pozulmuş, daha sonra barışmışlar. Hazırda isə cavabdehdən yenə ayrılmışdır. 3-4 aydır ki ayrı yaşayırlar. Uşağın saxlanılmasından çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Uşaq cavabdehin himayəsindədir. O, "xxxx" QSC-də işləyir. İddiaçının aliment tələbi çoxdur. İddiaçı uşağa yaxşı baxmır, onu baxımsız saxlayır. Ondan tələb edilən aliment məbləği uşağa xərclənəcəksə həmin məbləğin ondan tutulmasına razıdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

7. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X4 qeyd edilmişdir.

8. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

9. İşdə olan Cavabdeh adına olan 1268 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-də “Böyük yol ustası” vəzifəsində işləyir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

11. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Tutulmalı alimentin məbləği barədə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma başa düşülür. Qanunun 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin göstərişinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

15. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

17. Məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqların maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşaqların maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşaqların tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşaqların maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia təmin edilməli, Cavabdeh 11 oktyabr 2024-cü il tarixdən başlayaraq, 07 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ hissəsində aliment tutulub İddiaçı ödənilməlidir.

18. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin mediasiya təşkilatına müraciət etdiyi tarixdən hesablanmasını tələb etməsinə baxmayaraq ailə qanunvericiliyinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi məhkəmədə müəyyən edilmir. İddiaçının mediasiya təşkilatına müraciət etməsi - onun cavabdehdən aliment alması üçün tədbirlər görməsi və cavabdehin boyun qaçırması qənaətinə gəlinməsi üçün əsas deyildir. Odur ki, məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlir.

19. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır.

20. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır.

V. Nəticə:

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 11 oktyabr 2024-cü il tarixdən başlayaraq, 07 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ hissəsində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar