Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1326/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin azaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-28/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0,5 misli həddindən, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0,43 misli həddinə azaldılması və ilkin mediasiya sessiyasında ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə onların xx.xx.2021-ci il doğum tarixli X3 adlı bir uşaqları olmuşdur. Cavabdehlə sözləri düz gəlmədiyinə görə ayrılmışlar, uşağın saxlanması Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-604/2022 saylı qətnaməsi ilə 150 manat miqdarında aliment müəyyən edilmişdir. Həmin alimenti heç bir yerdə işləmədiyinə görə güc-bəla ilə ödəyir. O, işsizlikdən maddi cəhətdən əziyyət çəkdiyinə görə yenidən ailə qurmamışdur. Onun əvvəl kəsilmiş alimenti ödəyə bilmədiyi bir vaxtda cavabdeh Gədəbəy Rayon Məhkəməsinə alimentin indeksasiya edilməsi barədə ərizə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-28/2025 nömrəli qərardadı ilə alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0,5 misli həddində müəyyən edilmişdir. 2025-ci il üçün minimum əməkhaqqı 400 manat olmasına və uşağın saxlanması üçün 246 manat müəyyən edilməsinə baxmayaraq 200 manat aliment kəsilmişdir. Bir işsiz adamın hər ay o pulu ödəməsi mümkün olmadığından alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. 2025-ci il üçün minimum əməkhaqqı 400 manat olan bir ölkədə o necə 200 manat aliment ödəyə bilər. O, heç bir yerdə işləmir, gəliri yoxdur. Özü də xəstədir, sağlamlığımda problem var.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini ödəmək üçün kifayət qədər imkanı vardır. Müəyyən edilmiş aliment məbləğinin azaldılmasını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-509/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 manat miqdarında aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-28/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il doğum tarixli X1 üçün İddiaçı sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.5 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(104)-149/2025 saylı qərardadı ilə, borclu İddiaçı tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)-28/2025 nömrəli qərardadının dəyişdirilməsi, Gədəbəy Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(042)-604/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunması və qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz kimi qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; - 75.1 və 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir.
12. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov