Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1390/2025 20.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü ildə doğulmuş X1 üçün 246 manat məbləğində alimentin, xx.xx.2024-cü ildə doğulmuş X2 3 yaşına çatanadək baxdığına görə hər ay 300 manat və hamiləlik dövründə hər ay 300 manat alınıb ona verilməsi, mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 aprel 2021-ci ildə ailə qurmuşlar. Nikahlarını 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 18 iyun 2024-cü il tarixdə rəsmiləşdirmişləe və 736 nömrə ilə qeydə alınmışdır. Onların xx.xx.2024-cü ildə X4 adlı bir övladları dünyaya gəlmişdir. Onların rəsmi nikahları övladı doğulduqdan sonra bağlandığına görə cavabdeh Gədəbəy rayon Qeydiyyat şöbəsinə gələrək rəsmi ərizə verməklə uşağına atalıq vermişdir. O, hal-hazırda 7 aylıq hamilədir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri ucbatından ailələrində olan normal münasibətlər pozulmuşdur. Faktiki olaraq ailə münasibətləri pozulmuş və bərpası mümkün deyildir. Hazırda övladı onun himayəsindədir. Cavabdeh 5 aydır ki, Rusiya Federasiyasında yaşayır. Cavabdeh orada işləyib ailəsini dolandırmaq məqsədi ilə getmişdir. 1800 manat əmək haqqı alır. Ancaq buna baxmayaraq cavabdeh nə uşağına maddi köməklik göstərir, nə də onunla maraqlanmır. Cavabdeh övladlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. Övladının bütün maddi xərclərini, yəni uşağının yemək, paltar və həkim xərclərinə olan ehtiyaclarını güc-bəla ilə ödəyir. Cavabdeh övladının saxlanmasına biganə yanaşır, o isə tək ana olaraq uşağın saxlanmasında və hamiləliklə bağlı maddi çətinlik çəkir. Hazırda cavabdeh kifayət qədər maddi təminatlıdır. Bununla yanaşı hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması onun borcudur. Qeyd olunanlara görə də o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə mülki iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, iş materiallarında olan; - doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. - atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğduğu X2 atası hesab edilmişdir. - nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı oğlu nikahlarını xx.xx.2024-cü il tarixdə bağlamışlar.
8. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi olaraq ilə qurmuşlar, rəsmi nikahlarını xx.xx.2024-cü il tarixdə bağlamışlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2024-cü il təvəllüdlü X4 adından bir övladları anadan olmuşdur. Tərəflər ayrı yaşayırlar. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı məhkəmədə iddia qaldıraraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmasını məhkəmədən xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; -75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
11. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində olmaqla, qərara uyğun hesablanmalı və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (alimentin məbləği 200 : minumum əmək haqqının məbləği 400=0,5) həddində müəyyən edilməlidir.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
16. Bu səbəbdən məhkəmə xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir.
17. Məhkəmə iddiaçının iddia tələbinin “uşağın 3 yaşına çatana qədər və hamiləlik dövrü üçün cavabdehdən aliment tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
19. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
20. Göründüyü kimi, hamiləlik dövrü və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, tərəflərin rəsmi nikahı olsun, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. İddiaçı cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədi. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsassız sayaraq onun təmin edilməməsi qənaətinə gəlir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş medasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov