Məhkəmə qərarları › İş №2(042)-1394/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1394/2024

20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1394/2024 20.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment tələbi barədə» tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr alimentin təyin edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı «aliment tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.2017-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 12 avqust 2016-cı ildə qeyri- rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il doğum tarixli X3 adında bir övladları olmuşdur. Uşağının atalığı müəyyən edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri normal olmuşdur. Sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Ayrılıqlarına səbəb cavabdehin anasının ailələrinə müdaxilə etməsi, bu səbəbdən cavabdehlə aralarında ailə münaqişəsinin yaranması olmuşdur. Hal-hazırda o uşağı ilə birlikdə atasının evində yaşayır. Maddi imkanı olduqca aşağıdır. Uşağına təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh isə uşağı ilə maraqlanmır, heç bir maddi yardım göstərmir. Ona görə də cavabdehdən onun xeyrinə uşağının saxlanılması üçün aliment tutulmasını istəyir. Cavabdehin ona 250 manat aliment ödəməyə maddi imkanı vardır. Belə ki, o, Rusiyada ticarətlə məşğul olur, adına mağazaları vardır. Aylıq gəliri 3.000 manatdan çoxdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

7. Belə ki, işdə materiallarında olan; - doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. - atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir.

8. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh 2016-cı il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il tarixdə X3 adından bir övladları anadan olmuşdur. Uşaq nikahdan kənar doğulsa da Cavabdeh onun atası olması qeydiyyat orqanı tərəfindən müəyyən edilmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışdır. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin uşağın saxlanılmasından ona köməklik göstərmədiyini, uşağa tək başına baxmaqda çətinlik çəkdiyini bildirmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 manat məbləğində aliment tutulmasını tələb etmişdir.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur - 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

11. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

13. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşağın mənafeyinə uyğun hesab edir.

14. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.

15. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Cavabdeh 200 manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

18. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

V. Nəticə:

20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 07 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Cavabdeh 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar