Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1546/2025 07.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiasına dair mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın pozulması və aliment) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı Dilqəm oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-1046/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-(042)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş ondan tutulan alimentin miqdarının azaldılaraq hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.45 (180 manat) misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-1046/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artaraq ondan cavabdehin xeyrinə 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 165 manat miqdarında aliment tutulması qət edilmişdir. X5 məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8 (042)-137/2025 saylı qərardadı ilə aliment indeksasiya edilərək minimum əmək haqqının 0.53 misli (212 manat) həddində aliment tutulması qərara alınmışdır. O, hazırda ikinci dəfə ailə qurmuşdur və yeni nikahından 2 azyaşlı uşağı var. O və həyat yoldaşı heç bir yerdə işləmir və buna görə dolana bilmirlər. Onun aylıq gəliri araşdırlmadan ədalətsiz qərar qəbul edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə teleqram göndərib işə onun iştiakı olmadan baxılmasını və Gədəbəy rayon Məhkəməsinin indeksasiya ilə bağlı qərarının qüvvədə saxlanılmasını, hazırki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirkakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-ci il tarixdə doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X8 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X8 qeyd edilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 xx.xx.2020-ci ildə nikah bağlamışlar. - Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.2011-ci ildə anadan olmuşdur, atası İddiaçı və anası X2r. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1046/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Gədəbəy rayon Məhkəməsinin 2(042)-788-2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, hər ay 135 manat alimentin mioqdarı artırılaraq 160 manat miqdarında məyyən edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-137/2025 saylı qərardadı ilə, 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.53 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi müəyyən edilmişdir. - e-sosial tətbiqindən çap edilmiş iş yeri haqqında arayışdan görünür ki, İddiaçı hazırda işsiz statusundadır və onunla bağlanmış hər hansı qüvvədə olan əmək müqaviləsi yoxdur.
8. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh və İddiaçı nikah münasibətlərində olan zaman 29 iyul 2011-ci il təvəllüdlü X7rı doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1046/2022 saylı qətnaməsin əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 2(042)-788-2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, hər ay 135 manat alimentin miqdarı artırılaraq 160 manat miqdarında məyyən edilmişdir. Bundan sonra Cavabdeh təyin edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-137/2025 saylı qərardadı ilə 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı sonrakı artımalar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.53 misli həddində aliment alınaraq Cavabdeh verilməsi müəyyən edilmişdir. İddiaçı hazırda müəyyən edilmiş aliment məbləğinin azaldılmasını tələb edir.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: - 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: - 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: - 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” - 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.
15. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.
16. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə münasibətlərindən doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.
18. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, tərəflərin maddi durumunu, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1046/2022 saylı qətnaməsi ilə təyin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, 29 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
19. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, azaldılmış məbləğdə alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1046/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazır ki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov