Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-162/2023 03.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 2009-cu il 16 noyabr tarixli, 2 nömrəli qərarı ilə Cavabdeh verilmiş Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən sahəsi 1398 kv.m olan kənd məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Tovuz rayonu, Alakol kəndində yaşayır. 2005-ci il tarixdə iddiaçı ilə cavabdeh Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli, 2 nömrəli qərarına əsasən, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, cavabdehə məxsus olan sahəsi 1398 kv.m olan torpaq sahəsinin 494 manat pul müqabilində iddiaçıya satılması barədə razılığa gəlmişlər. Bu barədə yazılı akt tərtib edilmiş, iddiaçı həmin məbləği cavabdehə vermiş, hətta akta cavabdehin ailə üzvləri də imza çəkmişdir. 2005-ci ildən 2019-cu ilədək həmin torpaq sahəsini iddiaçı istifadə etmişdir. İddiaçı hazırda həmin torpaq sahəsini adına rəsmiləşdirmək istəyir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, izahat verərək bildirmişidir ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli, 2 nömrəli qərarına əsasən, Gədəbəy rayonu, Qoşabulaq kəndində ona və ailə üzvlərinə sahəsi 1398 kv.m olan torpaq sahəsi verilmişdir. 2005-ci il tarixdə həmin torpaq sahəsini iddiaçıya satmışdır. Daha sonra ailəsi həmin torpaq sahəsinin satılmasına razı olmamışdır. İddiaçı ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı həmin torpaq sahəsini 2005-ci ildən 2019-cu ilədək istifadə etmişdir. İddiaçıdan həmin torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Lakin, iddiaçı torpağa dair sənədi ona vermək imtina etmişdir. 2019-cu ildən həmin torpaq sahəsini özü istifadə edir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab editmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli, 2 nömrəli qərarına əsasən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cavabdeh Gədəbəy rayonu, Qoşabulaq kəndində sahəsi 1398 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zamana tətbiq edilə bilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin etibarlı hesab edilməsi üçün üç hal məcmu qaydada mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Lakin iddiaçı tərəfindən bu hallardan hər hansı birinin, xüsusilə, tərəflər arasında daşınmaz əmlakın alğı-satqısı ilə əlaqədar yazılı müqavilə bağlanılması və mövcudluğu sübut edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə yazılı akt təqdim edilsə də, həmin aktda iddiaçının imzası olmamış, eləcə də, həmin torpaq sahəsi 2009-cu il tarixdə cavabdehin mülkiyyətinə verilmiş, tərəflərin bildirdiyinə görə isə torpaq sahəsinin alqı-satqısına dair aralarında razılaşma 2005-ci il tarixdə olmuşdur. Belə olan halda isə cavabdehin torpaq sahəsinin alqı-satqısı barədə razılaşma əldə olunduğu zaman həmin torpaq sahəsi üzrə sərəncam vermək hüququ olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-162/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-162/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver