Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-189/2025 04.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4480 manat pulun, ödənilmiş 64.80 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17.25 manat pulun və vəkilə çəkdiyi xərcə görə 500 manat pulun, cəmi 5062.05 manat məbləğində pulun alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Samux rayonu, Qarayeri qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus “QDR E-302” markalı otbiçən texnikası və ot kipi bağlayan texnikası vardır. Həmin texnika ilə ot biçmək və ot kipi bağalamq işlərini görüb ailəsini dolandırır. 2024-cü ilin iyun ayında Cavabdeh1 ilə şifahi formada podrat müqaviləsi bağlayaraq, Tovuz rayonu,Ceyrançöl ərazisində ona və qardaşı Cavabdeh2 məxsus biçənək sahəsinin otunu biçməyi və biçilmiş otu kipləşdirmə işlərini özünə məxsus texnika ilə yerinə yetirmək barədə razılaşmışlar. Biçənək sahəsinin ölçüsü 100 hektar olmuşdur. Həmin sahənin 10 hektar hissəsinin otunu yağış yarasız hala saldığı üçün həmin hissənin biçilməsinin haqqını cavabdehdən tələb etməmiş və ziyanlığı öz üzərinə götürmüşdür. Razılaşmalarına əsasən biçənək sahəsinin hər hektarını 40 manatdan olmaqla 90 hektar sahəni 3600 manata biçməyi cavabdehlərlə ilə razılığa gəlmişlər. Əvvəlcə danışıqları Cavabdeh1la olsa da, sonradan Cavabdeh2la da işlərin tam görülməsi, görülən işlərin haqqının vaxtında və razılaşdırılmış məbləğdə ödəniləcəyi barədə razılığa gəlmişlər.İşlərin görüldüyü vaxt Vüsalın görülümş işlərin haqqını ödəməyəcəyini düşündüyü üçün işləri yarımçıq qoyaraq getmək istəmişdir. Həmin vaxt Vüsalın qardaşı Cavabdeh2 onunla görüşmüş və yanında olan işçilər X10, X11 və X12 ilə birlikdə söhbət etmişlər. Babək ona işləri tam şəkidə görüb qurtarmağı xahiş etmiş, görülən işlərin razılaşdırılmış haqqını Vüsalın verəcəyini, əgər Vüsal pulu verməsə, pulu onun özü verəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma ilə o, cavabdehlərə aid 90 hektar biçənək sahəsinin otunu biçmişdir. Otu biçərkən köməkçisi X10 ona kömək etmişdir. Eləcə də cavabdehlərlə ot kipinin bir ədədinin bağlanmasını 0.40 manata razılaşmışlar. Otu biçdikdən sonra ot kipləri bağlanmış və ümumilikdə bağlanmış ot kiplərinin sayı 14700 ədəd təşkil etmişdir. O, işin həcmi çox olduğu üçün özünün texnikası olan tanışı X7 haqqı ödənilməklə ot kiplərinin bağlanmasında ona köməklik etməsini xahiş etmişdir. Beləliklə, bağlanmış 14700 ədəd ot kipinin 6755 ədədini Mehman Qasımov bağlamışdır. Bunun üçün o, Mehman Qasımova ot kipinin bir ədədinin bağlanma qiyməti 0.40 manatdan olmaqla, cəmi 2702 manat pul vermişdir. 14700 ədəd ot kipinin 7945 ədədini isə o, özünə məxsus texnika ilə bağlamışdır. Bu işdə ona tanışı X2 etmişdir. Beləliklə, cavabdehlər ona gördüyü işlərin haqqı olaraq 90 hektar biçənək sahəsinin biçilməsinə görə 3600 manat və bağlanmış 14700 ədəd ot kipinə görə 5880 manat ödəməli olmuşlar. Ümumlikdə, cavabdehlərin ona görülmüş işlərin haqqı olaraq verməli olduqları haqq 9480 manat təşkil etmişdir. Cavabdeh1 həmin puldan 1020 manatını özü şəxsən əlbəəl vermiş, 1000 manatı ona məxsus kart hesabına gödərmiş, 1080 manatı ot kipini satdığı Rahil adlı şəxslə, 1900 manatını isə ot kipini satdığı Arzu adlı şəxslə göndəmişdir. Beləliklə, cavabdehlərin ona qalan borcu 4480 manat olmuşdur. Bundan sonra o, Cavabdeh1 4480 manatı ödəməsini bildirsə də, o, müxtəlif bəhanlər gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Vüsal birinci dəfə bəhanə gətirmişdir ki, guya o, ot kiplərini oğurlamış, ona görə də pulu vermir. Lakin belə bir halın yalan olduğu ortaya çıxdı və Vüsal bildirdi ki, ot kipi oğurlanmayıb. Vüsal növbəti dəfə bəhanə gətridi ki, guya işləri görən işçilərə, yəni, Mehmana, Bəhruza və İlkinə yemək xərci olraq 2000 manat xərcləyib. Bu halı aydınlaşdırmaq üçün həmin şəxslərlə Vüsalı üzləşdirmiş və Vüsal həmin vaxt içkli olduğunu bildirərək dediyi sözü təkzib etmişdir. Vüsal növbəti dəfə bəhanə gətirərək bildirmişdir ki, guya ot kiplərini o, başqa sifarişçilərə 0.35 manatdan bağlamış, Vüsala isə baha, yəni 0.40 manatdan bağlamış, ot biçməyi isə başqa şəxslərə hər hektarını 35 manatdan biçmiş, ona görə də pulu vermir. Lakin bu hal da cavabdehlərin onun pulunu qaytarmaması üçün əsas deyil. Birincisi ona görə ki, o heç kəsə ot kipinin bir ədədini 0.35 manatdan bağlamamış, nə də heç kəsə biçənək sahəsinin bir hektarını 35 manata biçməmişdir. İkincisi isə cavabdehlərlə bir hektar biçənək sahəsini 40 manata biçməyi, ot kipinin bir ədədini isə 0.40 manata bağlamağı razılaşmışlar və bu razılaşmada X10, X11 və X12 onların yanında olmuşdur. Bundan sonra, o, Vüsalın qardaşı Babəkə zəng vurub bildirmişdir ki, “Vüsal pulun qalan hissəsini verməkdən boyun qaçırır, sən söz vermişdin ki, Vüsal pulu verməsə mən özüm verəcəm, ona görə də pulumu sənədən tələb edirəm”. Babək də ona Vüsalın gətirdiyi bəhanələri gətirərək bildirmişdir ki, guya o, başqa şəxslərə otun bir hektarını 35 manata biçmiş, ot kipinin bir ədədini isə 0.35 manata bağlamışdır. Ona görə də pulu vermirlər. Bu barədə Babəklə telefon danşıqları da olmuş, həmin danışıqlarda Babək bildirmişdir ki, əgər həqiqətən onun başqa şəxslərə biçənəyin bir hektarını 35 manata biçməyi və ot kipinin bir ədədini 0.35 manata bağlamağı təsdiq olunarsa, pulu verməyəcək. Bunun üçün Babək onu Ceyrançöl ərazisində həmin ot biçilən sahəyə dəvət etmişdir. O bu halın yalan olduğunu sübut etmək üçün iki dəfə həmin yerə getmiş, lakin Babək gəlməkdən boyun qaçırmışdır. Dəfələrlə Babəkə zəng vursa da, onunla əlaqə yarada bilməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan idida tələbini qəbul etməmiş və izahatı verərək bildirmişdir ki, onun Tovuz rayonu Ceyrançöl ərazisində biçənək sahəsi olmuş, biçənək sahəsinin biçilməsi və ot kipinin bağlanması işlərini bir neçə dəfə iddiaçıya görmüşdür. Onun biçənək sahəsi 90 hekatr yox, daha çox olmuşdur. İddiaçı onun biçənək sahəsini biçmiş və ot kipləri bağlamışdır. Həmişə, iddiaçı ilə biçənəyin bir hektarını 35 manata biçməyi və ot kipinin bir ədədini 0.35 manata bağlamağı razılaşmışlar. O, otuz min manat kredit götürərək, ümumlikdə, görüləcək işlərin haqqı olaraq iddiaçıya vermişdir. 2023-cü ilin noyabr ayında ot biçilərkən də qeyd etdiyi qiymətə razılaşmışlar. Eləcə də 2024-cü ilin iyun ayında həmin qiymətə razılaşmışlar. Hesab edir ki, onun iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan idida tələbini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı biçənək sahəsinin bir hektarını 35 manata, ot kipinin bir ədədini isə 0.35 manata bağlamışdır. Bu hesabla onların iddiaçıya heç bir borcu qalmamçdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehləri tanıyır. İddiaçı ot biçmək və ot kipi bağlamaq işi ilə məşğuldur. O da bu işdə haqqı ödənilməklə iddiaçıya kömək edir. 2024-cü ilin iyun-iyul ayları ərzində Tovuz rayonu Ceyrançöl ərazisində cavabdehlərə məxsus 90 hektar biçənək sahəsinin biçilməsində iddiaçıya kömək etmişdir. Həmin vaxt bilmişdir ki, iddiaçı biçənəyin bir hektarını 40 manata biçir. Bu barədə danışıqlar onun yanında olmuşdur. İddiaçı biçənək sahəsinin hər hektarının biçilməsinə görə 6 manat ona vermiş, 34 manat isə özünə qalmışdır. Bu hesabla, iddiaçı ona 90 hektar biçənək sahəsinə görə 540 manat pul vermişdir. O, pulunu iddiaçıdan almışdır. Ot kipinin bağlanmasında o, iştirak etməmiş və bu barədə iddiaçı ilə cavabdehlər arasında olan danışıqlardan məlumatı yoxdur. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehləri tanıyır. İddiaçı ot biçmək və ot kipi bağlamaq işi ilə məşğuldur. O, da özünə məxsus texnika ilə ot kipi bağlamaq işi ilə məşğul olur. 2024-cü ilin iyun ayında iddiaçı ona cavabdehlərə aid biçənək sahəsinin otunun kipləşdirilməsi işində haqqı ödənilməklə köməklik etməyi təklif etmişdir. O da bu işi qəbul etmiş, bir ədəd ot kipinin bağlanmasına görə iddiaçı ilə 0.40 manata razılığa gəlmişdir. O, 90 hektar biçənək sahəsinin biçilmiş ot məhsulundan cəmi 6755 ədəd ot kipi bağlamış və buna görə iddiaçıdan ot kipinin bir ədədinin bağlanma qiyməti 0.40 manatdan olmaqla, cəmi 2702 manat almışdır. Eləcə də iddiaçı ilə cavabdehlər arasında gedən danışıqlarda iştirak etmiş, bilmişdir ki, iddiaçı ot kipinin bir ədədini 0.40 manat bağlayacağı barədə cavabdehlərlə razılığa gəlmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Düzyurd kənd sakinidir. İddiaçı və cavabdehləri tanıyır. Onun sürüsü vardır və qış aylarında heyvanlarını Tovuz rayonu, Ceyrançöl ərazisində saxlayır. Cavabdehlərin həmin ərazidə biçənək sahəsi vardır ki, həmin sahəni iddiaçı biçmiş və ot kiplərini bağlamışdır. O, Cavabdeh1 biçənək sahəsinin biçilməsi və ot kiplərinin bağlması haqqını maraqlandıqda, Vüsal ona bildirmişdir ki, iddiaçı ilə biçənək sahəsinin bir hektarınn biçilməsini 35 manata, ot kipinin bir ədədinin bağlanmasını isə 0.35 manata razılaşmışdır. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehləri tanıyır. Cavabdehlərin sürüsü vardır və o, sürüyə çobanlıq etmişdir. 2023-cü ilin noyabr ayında Tovuz rayonu, Ceyrançöl ərazisində cavadbehlərin heyvanlarına çobanlıq edərkən orada cavabdehlərə aid biçənək sahəsinin biçilməsi və ot kiplərinin bağlanması barədə iddiaçı ilə cavabdehlər arasında olan danışıqların şahidi olmuşdur. Həmin danışıqlar ərazidə yerləşən otaqda aparılmışdır. Həmin vaxt o da otaqda olmuşdur. Bilmişdir ki, cavabdehlər iddiaçı ilə biçənək sahəsinin bir hektarının biçilməsini 35 manata, ot kipinin bir ədədinin bağlanmasını isə 0.35 manata razılaşmışlar. 2024-cü ilin iyun ayında olan danışıqlardan məlumatı yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan bir ədəd CD-diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdəki səs yazıları Cavabdeh2 və İddiaçı arasında aparılmış danışıqlardan ibarətdir. Danışıqlardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh2 Tovuz rayonu Ceyrançöl ərazisində yerləşən biçənək sahəsinin biçilməsi və ot kipinin bağlanmasının qiyməti barədə mübahisə edir, İddiaçı biçənək sahəsinin bir hektarını 40 manata, ot kipinin bir ədədini isə 0.40 manata bağlamağı barədə razılığa gəldiklərini bildirir, Cavabdeh2 isə qardaşı Vüsalın dediyinə görə həmin ərazidə biçənək sahəsinin bir hektarının 35 manata, ot kipinin bir ədədini isə 0.35 manata bağlandığını bildirir və məsələnin aydınlaşdırılması üçün ərazidə başqa adamlardan soruşacağını, əgər həqiqətən Abilin biçənək sahəsinin bir hektarını başqa şəxslərə 35 manata, ot kipinin bir ədədini isə 0.35 manata bağladığı aşkar olunarsa, onun pulunu verməyəcəyini, əks təqdirdə Abilin pulunu verəcəyini bildirir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəmədə idida qaldırmaq üçün 64.80 manat dövlət rüsumu ödəmiş, nümayəndə üçün 17.25 manat, vəkil üçün 500 manat xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2024-cü ilin iyun ayında Tovuz rayonu, Ceyrançöl ərazisində cavabdehlərlə şifahi formada podrat müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehlərə aid biçənək sahəsinin otunu biçməyi və biçilmiş otun kipləşdirilməsi işini öhdəsinə götürmüş, cavabdehlər iddiaçıya biçənək sahəsinin hər hektarının biçilməsinə görə 40 manat, ot kipinin bir ədədinin bağlanmasına görə isə 0.40 manat haqq ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehlər razılaşmanın biçənək sahəsinin hər hektarının biçilməsinə görə 35 manat, ot kipinin bir ədədinin bağlanmasına görə isə 0.35 manat olduğunu bildirsələr də, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin təqdim etdiyi şahidlərdən X9 ifadəsində tərəflər arasında olan razılaşmanın biçənək sahəsinin hər hektarının biçilməsinə görə 35 manat, ot kipinin bir ədədinin bağlanmasına görə isə 0.35 manat olduğunu desə də, bu məlumatı Cavabdeh2 eştidiyini bildirmiş, digər X1 isə 2024-cü ilin iyun ayında tərəflər arasında olan danışılardan məlumatı olmadığını bildirmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi şahidlərdən X11 ifadəsində biçənək sahəsinin biçilməsində iddiaçıya haqqı ödənilməklə kömək etdiyini, tərəflər arasında olan danışıqlarda şəxsən iştirak etdiyini, iddiaçının biçənək sahəsinin hər hekatrını 40 manata biçməyi barədə cavabdehlərlə razılığa gəldiyinin şahidi olduğunu bildirmişdir. Eləcə də X6 tərəflər arasında olan danşıqlarda iştirak etdiyini, ot kipinin bir ədədinin 0.40 manata bağlanması barədə tərəflərin razılığa gəldiyini təsdiq etmişdir. Ümumilikdə yerinə yetirilmiş işlərin haqqı olaraq cavabdehlərin iddiaçıya 9480 manat borcu yaranmış, onlar həmin puldan 5000 manat ödəmiş, qalan 4480 manat pulu isə ödəməmişlər. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4480 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4480 (dörd min dörd yüz səksən) manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 64.80 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 17.25 manat və vəkil üçün çəkilmiş 500 manat məbləğində məhkəmə xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-189/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-189/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver