Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-369/2024 27.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 18 yanvar 2024-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan övladları - xx.xx.2019-cu il doğum tarixli X1 və xx.xx.2021-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün cəmi 470 manat miqdarında alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 yanvar 2019-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il doğum tarixli X3 və xx.xx.2021-ci il doğum tarixli X5 adında iki övladları olmuşdur. Uşaqlarının atalığı müəyyən edilmişdir. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Ayrılıqlarına səbəb cavabdehin uşaqlarını döyməsi, uşaqlarına nalayiq ifadələr işlətməsi, bu səbəbdən aralarında narazılıqlar yaranması olmuşdur. Təxminən 3 ay olar ki, o cavabdehdən ayrılmışdır. Hal-hazırda uşaqları ila birlikdə ata evində yaşayır. O, uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəyir. Cavabdehin maddi imkanı olduqca yaxşıdır, fərdi əməklə məşğul olur. Odur ki, hesab edir ki, cavabdehin ona hər ay hər bir uşaq üçün 235 manat, olmaqla iki uşaq üçün 470 manat aliment ödəməyə kifayət imkanı vardır. O, məhkəməyə müraciət edənədək cavabdehdən aliment almaq üçün xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, həmin vaxtdan aliment almaq üçün qanunla müəyyən edilmiş tədbirlər görmüş, lakin cavabdeh aliment ödəməkdən boyun qaçırmışdır. Odur ki, təyin ediləcək alimentin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə 2023-cü ilin noyabr ayında ayrı yaşayır. Uşaqlarının saxlanılması üçün aliment tələb edir. Cavabdeh gündəlik fəhləliklə məşğul olur və gün 30- 35 manat qazanır. Onların aralarında bir neçə dəfə mübahisələr olmuşdur. Ona görə də, onlar ayrılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında verərək iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında bəzən mübahisələr olmuşdur. Övladının ad günüdə o spirtli içki qəbul etmiş və iddiaçı ilə aralarında mübahisə yaranmış və iddiaçı ondan ayrılaraq ata evinə getmişdir. O, fəhləliklə məşğul olur. Ayın 10 günü iş olur, qalan günlər işləmir. Həmçinin təsərrüfatla məşul olur, 0.15 ha torpaq sahəsini əkib-becərir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə, X5 xx.xx.2021-ci il tarixdə doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı 16 yanvar 2021-ci il tarixdə doğulmuş X2 və 03 noyabr 2019-cu il tarixdə doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2019-cu tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2019-cu ildə X3 və xx.xx.2021-ci ildə X5 adında iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində yaşayır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər uşağa görə 185 manat olmaqla, iki uşaq üçün 370 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə iddiaçının alimentin tutulmasının mediasiya şurasına müraciət etdiyi vaxtdan hesablanması tələbi ilə bağlı aşağıdakıları qeyd edir; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üçün o hal da aliment hesablana bilər ki, iddiaçı məhkəməyə müracitə etməmişdən əvvəl aliment ödənilməsi üçün tədbirlər görsün, cavabdeh isə aliment ödəməkdən boyun qaçırsın. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya şurasına müraciət etməsi və bu barədə ona “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilməsi cavabdehin aliment ödəməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Odur ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 fevral 2024-cü il tarixdən başlayaraq, 03 noyabr 2019-cu il doğum tarixli X1 və 16 yanvar 2021-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 185 manat olmaqla, iki uşaq üçün 370 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 64.4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 55 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-369/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-369/2024
27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver