Məhkəmə qərarları › İş №2(042)-393/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-393/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-393/2021 14.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh atası Cavabdeh onun təhsil almağına görə təhsili başa çatanadək hər ay sabit pul məbləğində 200 manat olmaqla aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun atasıdır. Atası ilə anası boşanmışlar və o anasının himayəsində yaşamışdır. Onun 18 yaşı tamam olanadək atası Cavabdeh aliment ödəmişdir. O, halhazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə İİ kurs tələbəsidir. Onun anası heç bir yerdə işləmir. Onlar çətinliklə dolanırlar. Cavabdeh atası Cavabdeh isə onun təhsil almasına və digər təminatlarını ödəmək üçün heç bir köməklik göstərmir. Qanuna müvafiq olaraq onun təhsil aldığı müddətdə onun atasından sabit pul məbləğində hər ay 200 manat olmaqla aliment kəsilməsini istəyir. Bu bir övlad olaraq onun hüququdur və buna dövlət tərəfindən icazə verilmişdir. O, əyani təhsil aldığı üçün eləcədə vaxtının azlığından işləyə bilmir. Onun maddi cəhətdən köməyə ehtiyacı var. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Onun qızının təhsil alması üçün aliment ödəməyə imkanı yoxdur. O, imkanı olduğu təqdirdə ayda 100 manat aliment verə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 162 nömrəli arayışdan görünür ki, Alıyeva X1 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır. İşdə olan Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 13/14 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə əyani təhsil alma formasının ikinci tədris ilinin tələbəsidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(042)- 860/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(041)-167/11 saylı qətnaməsi ilə xx xxxx 2002-ci il tarixdə doğulmuş İddiaçı Fərhad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan 50 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 140 manat aliment Cavabdeh alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçının atasıdır. Cavabdeh iddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəmişdir. İddiaçının 18 yaşı tamam olmuşdur və hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə əyani formada təhsil alır. İddiaçı təhsil haqqını ödəməkdə çətinlik çəkir və təhsilini başa vuranadək cavabdehdən aliment tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi qeyd olunanlara əsasən, iddiaçının cavabdehdən aliment tələb etməsinin qanuni əsasları yoxdur. Ona görə də məhkəmə iddianı əsassız sayaraq onun rədd edilməsi qənaətinə gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar