Məhkəmə qərarları › İş №2(042)-418/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-418/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-418/2024 22.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, övladı - xx.xx.2019-cu il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə qeyrirəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il doğum tarixli X3 adında bir övladları olmuşdur. Uşağının atalığı müəyyən edilmişdir. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Ayrılıqlarına səbəb cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Hal-hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Mən, uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə mediator tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə 2018-ci il tarixdə ailə qurmuş və 2019-cu il tarixdə ayrılmışlar. Cavabdeh 2020-ci il tarixdən Rusiya Federasiyasında işləyir. Maddi imkanı yaxşıdır. O, heç bir yerdə işləmir. Uşaqlarına baxmaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV № 369517 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Göygöl rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı 26 yanvar 2019-cu il tarixdə doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2019-cu il təvəllüdlü X3 adında bir uşaqları olmuşdur. Uşaq nikahdan kənar doğulsa da atalığı müəyyən edilmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşağın mənafeyinə uyğun hesab edir. Məhkəmə iddiaçının alimentin tutulmasının mediasiya şurasına müraciət etdiyi vaxtdan hesablanması tələbi ilə bağlı aşağıdakıları qeyd edir; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üçün o hal da aliment hesablana bilər ki, iddiaçı məhkəməyə müracitə etməmişdən əvvəl aliment ödənilməsi üçün tədbirlər görsün, cavabdeh isə aliment ödəməkdən boyun qaçırsın. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya şurasına müraciət etməsi və bu barədə ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” barədə arayış verilməsi cavabdehin aliment ödəməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Odur ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında məlum olur ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 46.4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21 fevral 2024-cü tarixdən başlayaraq, 26 yanvar 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub İddiaçı verilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar