Məhkəmə qərarları › İş №2(042)-422/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-422/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-422/2025 11.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin azaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 235 manat alimentin miqdarı azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay aldığı sosial müavinətə uyğun miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat aliment təyin edilmişdir. Hal-hazırda heç yerdə işləmir. Eyni zamanda xəstəliyi ilə əlaqədar olaraq İİİ dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər ay 150 manat məbləğində xəsətliyə görə sosial müavinət alır. Digər gəlir yeri yoxdur. Onun bu gəliri və xəstəliyi ilə əlaqədar Gədəbəy Rayon Məhkəməsinin təyin etdiyi miqdarda (235 manat) aliment ödəyəndə, özünün müalicəsi və yaşamaq üçün zəruri ehtiyaclarını qarşılamağa heç cür imkan edə bilmir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, əvvələr dostları onu aparıcı olaraq toy məclislərinə aparmış, az-çox pul qazanmışdır. İndi isə toy məclislərinə getmir. O, səhətində olan xəstəliyinə görə 150 manat sosial müavinət alır. Hara iş üçün yaxınlaşsa, ona xəstə olduğunu və ona uyğun iş olmadığı bildirirlər. Alimentin miqdarı çoxdu, ödəməyə gücü çatmır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, uşaq az yaşlıdır. Həmçinin uşağı xəstədir, bütün pul uşağın müalicəsinə gedir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 235 manat aliment bir uşağı böyütmək üçün azdır. Uşaq atasına zəng edir, lakin cavabdeh uşaqla danışmır. Uşaqla maraqlanmır. Cavabdeh təyin edilmiş alimenti vaxtında ödəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-509/2024 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)- 648/2018 saylı qətnaməsi ilə 10 yanvar 2016-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan 110 manat alimentin miqdarı artırılması və hər ay sabit pul məbləğində 235 manat aliment cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - tibbi sənədlərdən görünür ki, İddiaçı “A80.3 Keçirilmiş poliomielitin davamlı qalıq əlamətləri.Ağırlaşma G 31 Sol aşağı ətrafın parezi, ətrafın atrofiyası. R26 Yeriş, hərəkət funksiyasının pozulması.” diaqnozu qoyulmuşdur (sonuncu müayinə tarixi: xx.xx.2022xx.xx.2022-ci il). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı “işsiz” kimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1ndan (Şəmkir-Gədəbəy), MEİS-nin “Sosial ödənişlər” AS-dan əldə olunan məlumatlara əsasən ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmiş, hazırda isə 150 manat sosial müavinət alır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; - 75.1 və 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. İddiaçı alimentin miqdarının azaldılması üçün əsas kimi maddi durmunun yaxşı olmamadığını, səhhətindəki problemləri və bu səbəbdən də işləmək iqtidarında olmadığını göstərir.

12. İddiaçıdan tutulan alimentin miqdarı xx.xx.2024-cü il tarixində müəyyən edilmişdir. İddiaçının Məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən də görünür ki, iddiaçının səhhətindəki problemlər alimentin miqdarının müəyyən edilməsindən əvvəl yaranmışdır. Odur ki, iddiaçının istinad etdiyi hallar alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilməz.

13. İddiaçı alimentə dair məhkəmə qətnaməsindən sonra keçmiş müddət ərzində özünün və cavabdehin ailə və maddi vəziyyətinin dəyişməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin vəziyyətində əsaslı dəyişiklər, yəni cavabdehdə yaxşılaşmaya, iddiaçıda isə pisləşməyə yönəlmiş heç bir əhəmiyyətli dəyişiklik olmadığından aliment miqdarının azaldılması üçün heç bir əsas yoxdur.

14. Həmçinin iddiaçı təyin edilmiş alimentin məbləğində narazı qalmasını bildirsə də, həmin alimentin artırılmasına dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-509/2024 saylı qətnaməsində İddiaçı tərəfindən apellyasiya şikayəti daxil olmamışdır.

15. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

18. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşaq üçün təyin edilmiş 235 manat alimentin miqdarının azaldılması məhkəmə tərəfindən ədalətli hesab edilə bilməz.

20. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

V. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar