Məhkəmə qərarları › İş №2(042)-463/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-463/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-463/2021 17.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq,23.08.2007-ci il tarixdə anadan olmuş qızı X2 və 04.12.2008-ci il tarixdə anadan olmuş oğlu X1 tərbiyə edilməsi üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 200 manat olmaqla aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006-cı il tarixdə faktiki olaraq ailə qurub evlənmişlər. Bir ailədə ər-arvad münasibətində 2015-ci ilin aprel ayının sonlarına kimi birlikdə yaşamışlar. Aralarında olan şəxsi münasibətlər zəminində ayrılmışlar. Cavabdehlə ayrılan zamanı onların iki övladları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli və 25.07.2018-ci il tarixli qətnamələrinə əsasən iki azyaşlı uşağının saxlanılıb tərbiyə edilməsi üçün sabit pul məbləğində 220 manat olmaqla aliment kəsilmişdir. Özünün könüllü razılığı əsasında 2020-ci il tarixdə alimentdən imtina etmişdir. Lakin bugünkü günü o fikrini dəyişmişdir. Cavabdeh könüllü olaraq uşaqlarına heç bir köməklik göstərmir. Bu səbəbdən azyaşlı uşaqları Ramilənin və Amilin saxlanılıb tərbiyə edilməsi üçün aliment kəsilməsini istəyir. Cavabdeh oğlundan hər ay sabit pul məbləğində bir uşağa görə 200 manat olmaqla aliment kəsilməsini istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və bildirdi ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. O, heç bir yerdə işləmir və gəliri yoxdur. Hər uşağa görə 100 manat məbləğində aliment ödəməyə gücü çatır. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 93 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonun Böyük Qaramurad kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X7 04.12.2008-ci il tarixdə, X5 isə 23.08.2007-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(042)-719/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli, 2(042)-400/2017 saylı qətnaməsi ilə 23 avqust 2007-ci ildə anadan olmuş Ramilənin və 04 dekabr 2008-ci ildə anandan olmuş Amilin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 100 manat alimentin miqdarı artırılması və 06 iyun 2018-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay sabit pul məbləğində 110 manat olmaqla, iki uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehlə 2006-ci ildə faktiki olaraq evlənib bir ailədə ər-arvad münasibətlərində 2015-ci ilin aprel ayının sonuna kimi yaşamışdır. Birgə yaşadıqları dövrdə onların iki uşaqları – 23.08.2007-ci təvəllüdlü X5 və 04.12.2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(041)-623/2015 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat, cəmi 160 manat miqdarda alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli, 2(042)-400/2017 saylı qətnaməsinə əsasən Gədəbəy rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(041)-623/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 23 avqust 2007-ci ildə anadan olmuş Ramilənin və 04 dekabr 2008-ci ildə anandan olmuş Amilin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 80 manat alimentin miqdarı artırılması və 28 mart 2017-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay sabit pul məbləğində 100 manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(042)-719/2018 saylı qətnaməsinə əsasən isə Gədəbəy Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli, 2(042)-400/2017 saylı qətnaməsi ilə 23 avqust 2007ci ildə anadan olmuş Ramilənin və 04 dekabr 2008-ci ildə anandan olmuş Amilin yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 100 manat alimentin miqdarı artırılması və 06 iyun 2018-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay sabit pul məbləğində 110 manat olmaqla, iki uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı ilə cavabdeh barışmış və iddiaçının könüllü razılığı əsasında 2020-ci il tarixdə alimentdən imtina etmişdir. Qətnamənin icrasına xitam verilmişdir. İddiaçı cavabdehdən yenidən ayrılmışdır. Uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirərək yenidən aliment təyin edilməsini istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşağa görə 125 manat olmaqla, iki uşaq üçün 250 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 aprel 2021-ci il tarixdən başlayaraq, 04 dekabr 2008-ci il təvəllüdlü X4 və 23 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 125 manat olmaqla, iki uşaq üçün 250 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar