Məhkəmə qərarları › İş №2(042)-463/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-463/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-463/2024 02.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh azyaşlı uşaqlarının saxlanılıb tərbiyyə edilməsi üçün hər ay bir uşaq üçün 220 manat olmaqla üç uşaq üçün cəmi 660 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdə Cavabdeh ilə evlənmişdir. Onların üç övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar və ayrı yaşayırlar. Hal-hazırda onun cavabdehlə barışması və ailəsini bərpa etməsi qeyrimümkündür. Ona görə də, o aliment tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat olmaqla aliment müəyyən edilməsini istəyir. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, aralarında olan nikah pozulmamışdır. Onların birgə nikahlarında üç övladları olmuşdur. Uşaqlar xəstədir. 1 ilə yaxındır ki, ayrı yaşayırlar. O, Bakı şəhərində kirayədə yaşayır. Heç bir yerdə işləmir. Cavabdeh Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Gədəbəy rayon X12 hissəsində yanınsöndürən vəzifəsində işləyir. Cavabdeh əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olur və meyvə mağazası işlədir. Cavabdehin maddi imkanı yaxşıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, valideynləri vəfat etmişdir. Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Gədəbəy rayon X12 hissəsində böyük yanınsöndürən vəzifəsində işləməklə onun tək bir iş yeri vardır. Maddi imkanı aşağıdır. 769 manat maaş alır. 2 gündən bir işdə olur. Başqa işlə məşğul olmur. Həmçinin banka kerdit ödəyir. Ailəsinin dağılmasını istəmir. O ailəsinin bərpa edilməsini istəyir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə, X8 xx.xx.2018 ci ildə və X10 xx.xx.2021-ci ildə Gədəbəy rayonunda doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Gədəbəy rayon X12 hissəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Gədəbəy rayon X14 Hissəsində böyük yanğınsöndürən vəzifəsində işləyir. Ona düşən əmək haqqı 769.65 (ərzaq əvəzinə verilən pul təminatı, Vergi, DSMF-u İcbari tibbi sığorta və həmkarlara tutulmalar çıxıldaqdan sonra) manatdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 adında üç uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər üç tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər uşağa görə 150 manat olmaqla, üç uşaq üçün 450 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-235, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 mart 2024-cü il tarixdən başlayaraq, 03 aprel 2015-ci il doğum tarixli X2, 13 may 2018-ci il doğum tarixli X3 və 15 mart 2021-ci ildə X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 150 manat olmaqla, üç uşaq üçün cəmi 450 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar