Məhkəmə qərarları › İş №2(042)-504/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-504/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-504/2024 15.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il doğum tarixli X2 yetkinlik yaşna çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat olmaqla aliment və azyaşlı uşağin 3 yaşına çatana kimi hər ay 100 manat olmaqla sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh 2021-ci ilin əvvələrində qeyri-rəsmi olaraq ailə quraraq evlənmişlər. Onların birgə yaşayışlarından xx.xx.2022-ci il doğum tarixli X3 adlı bir övladları olmuşdur. Azyaşlı oğlu Uğurun atalıq faktı qeydiyyat orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında teztez mübahisələr baş verir və bu səbəbdən cavabdeh onu hamilə vəziyyətdə çıxarıb ata evinə qovmuşdur. Hal-hazırda o azyaşlı oğlu Uğur ilə birlikdə valideynlərinin evində yaşayır. Maddi imkanları aşağıdır. O, uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh isə nə onunla, nə də oğlu ilə maraqlanmır və onlara heç bir maddi yardım göstərmir. Ona görə də uşağının yetkinlik yaşına çatanadək Cavabdeh onun xeyrinə azyaşlı oğlu Uğurun saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğinə 235 manat olmaqla aliment və azyaşlı oğlu Uğurun 3 yaşna çatana kimi hər ay sabit pul məbləğində 100 manat tutulmasını istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə mediator Nağı Əliyev tərəfindən Cavabdeh ilə birlikdə ilkin mediasiya sessiyasında iştirak etmişilər və cavabdehlə könüllü olaraq barşıq sazişi bağlamamışlar. Odur ki, cavabdeh könüllü olaraq aliment öhdəliyindən imtina etmişdir. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdeh ilə 2021-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar və 2-3 ay birgə yaşadıqdan sonra cavabdeh onu yaşadıqları evdən qovmuşdur. Uşaq dünyaya gəldikdən sonra onlar yenidən 8 ay birgə yaşamışlar, lakin yenidən ayrılmışlar. Cavabdeh özlərinə məxsus heyvanları otarmaqla məşğul olur. Cavabdehin özlərinə məxsus 200-300 baş heyvanları var. Cavabdeh uşağı ilə maraqlanmır. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçının dediklərinin hamsı yalandır. Aralarında olan narazılığa görə ayrılmışlar. İddiaçını anası gəlib öz evlərinə aparmışdır. Uşaq olduqdan sonra da qayınanası uşağa özünün baxacağını deyərək iddiaçını və uşağı aparmışdır. İddiaçı onu saymır. O, heç bir yerdə işləmir. Onun özünə məxsus heyvanı yoxdur. O, 3-cü qrup əlildir və 210 manat pensiya alır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 23 avqust 2022-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan tibbi sənədlərdən görünür ki, Cavabdeh “F07.o üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi ilə. MMSE29 Yanaşı xəstəliklər G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez bsş verən qıcolma tutmaları (ayda 4-6 dəfə)” diaqnozu qoyulmuşdur. Cavabdeh orqanizm funksiyalarının 55 faizi pozulmuşdur və 3-cü dərəcəli əlilliyi var. İşdə olan mediator Nağı Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2021-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2022-ci il təvəllüdlü X3 adında bir uşaqları olmuşdur. Uşaq nikahdan kənar doğulsa da atalığı müəyyən edilmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşağın mənafeyinə uyğun hesab edir. Məhkəmə iddiaçının iddia tələbinin “uşaq 3 yaşına çatanadək arvadın saxlanılması üçün aliment” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, uşaq 3 yaşına çatanadək arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya maddi köməklik etmir. Həmçinin, müəyyən edildi ki, onların üç yaşına çatmamış uşaqları vardır. Odur ki, məhkəmə iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, arvadın saxlanılması üçün onun tələb etdiyi alimentin miqdarı 100 manat məbləğində ədalətli və məqsədəuyğun hesab edilə bilməz. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə qismən əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 70 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında məlum olur ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 52.4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-200, 227,233-cü və 370-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 mart 2024-cü tarixdən başlayaraq, 23 avqust 2022-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub İddiaçı verilsin. 15 mart 2024-ci il tarixdən başlayaraq 23 avqust 2022-ci tarixdə doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 52.4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar