Məhkəmə qərarları › İş №2(042)-522/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-522/2020

07.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-522/2020 07.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə bağlı əlavə yardım” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Cavabdeh qazancından və başqa gəlirindən üçdə iki miqdarda 01 sentyabr 2015-ci il tarixdən başlayaraq iki uşağa görə onun xeyrinə alimentin tutulmasını qət edən Gədəbəy rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(041)-1192/2015 saylı qətnaməsinin dəyişdirilərək, iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment sabit pul məbləğində alimentin tutulması, Aytac adlı uşağın xəstəliyi və müalicəsi, ona xüsusi qulluq və qayğı göstərilməsinin təmin edilməsinə görə alimentə əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Gədəbəy rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(041)-1192/2015 saylı qətnaməsinə əsasən Cavabdeh iki uşağa görə hər ay qazancının və ya başqa gəlirinin üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldildikdən sonra barışdıqlarına görə o, icra sənədi üzrə icraatında dayandırılması barədə ərizə vermiş və alimentin tutulması dayandırılmışdır. Lakin sonradan aralarında yenə narazılıq yaranmış və ayrılmışlar. Hazırda uşaqları onun himayəsində yaşayır. O, heç bir yerdə işləmir və uşaqlara baxmaqda çətinlik çəkir. Uşaqlar böyüdükcə onların xərcləri də artır. Cavabdeh hal-hazırda Azərbaycan İnterneyşnl Mayning x5 fəhlə işləyir və aylıq əmək haqqı 600 manatdan yuxarıdır. Cavabdehin əmək haqqından tutulub ona verilən aliment ilə uşaqların maddi tələbatını ödəmək mümkün deyil. Cavabdeh uşaqlarla maraqlanmır və əlavə heç bir yardım göstərmir. Həmçinin Aytac adlı uşağının yeddi yaşı tamam olsa da, yeriyə bilmir və ağır xəstədir. Uşağın müalicə olunması üçün xeyli pul tələb olunur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli, 1011 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin 5 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 6-cı səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(041)- 1192/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh 01 sentyabr 2015-ci il tarixdən başlayaq, 02 may 2011-ci il tarixdə anadan olmuş Şəlalənin və 23 iyul 2013-cü il tarixdə anadan olmuş Aytacın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirinin üçdə iki miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZE № 12889992 seriyalı və AZE № 12890296 seriyalı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, x3 23.06.2013-cü il tarixdə, x4 02.05.2011-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan x7 “x10” MMC tərəfindən verilmiş 09.10.2017-ci il tarixli müayinə vərəqəsindən görünür ki, x2 “uşaq serebral iflici” diaqnozu qoyulmuşdur. Məhkəmə ilk növbədə iddiaçının iddia tələbinin “alimentin miqdarının dəyişdirilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(041)-1192/2015 saylı qətnaməsinə əsasən, Cavabdeh 01 sentyabr 2015-ci il tarixdən başlayaq, 02 may 2011-ci il tarixdə anadan olmuş Şəlalənin və 23 iyul 2013-cü il tarixdə anadan olmuş Aytacın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirinin üçdə iki miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Tələbkar Gədəbəy rayon icra və Probasiya şöbəsinə qətnamə üzrə icra sənədinin icraatının dayandırılması barədə ərizə ilə müraciət etmiş, tələbkarın ərizəsi əsasında icra sənədi üzrə icraat dayandırılmış və icra sənədi Gədəbəy rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 76-.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olur ki, aliment o halda sabit pul məbləği şəklində müəyyən edilə bilər ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olsun, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmasın, çətinlik törətsin və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallar olsun. İddiaçı qeyd olunan halların hər hansı birinin mövcud olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. Əksinə müəyyən edildi ki, cavabdeh hal-hazrda da Azərbaycan İnterneyşnl Mayning x5 fəhlə işləyir və aylıq əmək haqqı 600 manatdan yuxarıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinin hazırki vəziyyətdə hüquqi əsasları olmadığına görə rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “uşağın müalicəsi üçün əlavə 100 manat pul tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, İddiaçı 23 iyun 2013-cü il tarixdə doğulmuş x3 “serebral iflic” diaqnozu ilə xəstədir, yeriyə bilmir. İddiaçı cavabdehin uşağın müalicəsində iştirakına cəlb edilməsini xahiş edir. İddia tələbinin bu hissədə qanuni əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsi təşkiledir. Həmin maddənin tələblərinə görə, alimentin tutulması barədə saziş olmadıqda vəya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyətiolmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilənkənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmışxərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmətərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.Qeyd olunan normadan görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsivalideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasınıvalideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyənedilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə olması, şikəst olması,habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşınaçatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Məhkəmə qeyd edir ki, Aytacın xəstə olması onun müalicəsini zəruri edir. İddiaçı ilə bərabər cavabdeh də valideyn kimi uşağın müalicəsi üçün iştiraka cəlb edilməlidir. Eyni zamanda məhkəmə əlavə xərc kimi cavabdehdən tutulmalı məbləği müəyyənləşdirərkən hesab edir ki, 70 manat əlavə xərcə cavabdehi cəlb etmək ədalətli və qanuni sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 iyun 2013-cü il tarixdə doğulmuş x1 müalicəsi üçün hər ay sabit pul məbləğində 70 (yetmiş) manat miqdarında əlavə xərc tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar