Məhkəmə qərarları › İş №2(042)-534/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-534/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-534/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2 (042)-1780/2016 saylı qətnaməsi ilə 29 mart 2011-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin hər ay sabit pul məbləğində 200 manat miqdarında müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2 (042)-1780/2016 il tarixli qətnaməsi ilə 29 mart 2011-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi qət edilmişdir. Lakin sonradan cavabdeh işdən çıxdığını bildirərək alimenti müəyyən edilmiş miqdarda yəni ¼ hissədə ödəməkdən imtina etmişdir. O, bu barədə şifahi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, məlum olmuşdur ki, həqiqətən hazırkı iş üzrə cavabdeh icra sənədi üzrə borclu Cavabdeh işdən azad olunmuşdur. Hazırda cavabdeh qazancının ¼ hissəsi miqdarında təyin edilmiş alimenti ödəmir. O, azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verəörək bildirmişdir ki, iki ilə yaxın müddətdir ki, işdən azad edilmişdir. Hazırda təyin edilmiş ¼ hissədə aliment ödəyə bilmir. İddiaçının tələb etdiyi 200 manat alimenti ödəyə bilməyəcəkdir. O, azyaşlı uşağın saxlanılması üçün hər ay 50 manat aliment ödəyə bilər. Ona görə də iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2 (042)-1780/2016 il tarixli qətnaməsindən görünür ki, 29 mart 2011-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan X1 surətindən görünür ki, tərəflərin ailə münasibətindən 29 mart 2011-cı il tarixdə X3 doğulmuşdur. İşdə olan Çıxarışın surətindən görünür ki, Cavabdeh işsizdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda cavabdeh işləmir və qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin icra edilməsində çətinliklər yaranır. İddiaçının himayəsində olan azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona layiqli həyat şəraiti yaradılmalıdır. İddiaçı hazırda himayəsində olan azyaşlı uşağı çətinliklə dolandırır. Ona görə də məhkəmə alimentin sabit miqdarda təyin edilməsi qənaətinə gəlir. Məhkəmə, alimentin miqdarı məsələsini müzakirə edərkən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, həmçinin cavabdehin rəsmi iş yerinin olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2 (042)-1780/2016 saylı qətnaməsi ilə 29 mart 2011-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin tutulması üsulu dəyişdirilərək hər ay 140 manat sabit miqdarda müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. 29 mart 2011-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2 (042)-1780/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancından və digər gəlirlərindən tutulan ¼ hissə alimentin tutulması üsulu dəyişdirilərək hər ay 140 manat sabit miqdarda müəyyən edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar