Məhkəmə qərarları › İş №2(042)-630/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-630/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-630/2022 18.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşına çatmayan övladı - xx.xx.2021-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin Cavabdeh alınıb ona verilməsi və xx.xx.2021-ci il doğum tarixli X1 3 yaşına çatanadək əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2019-cu ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2021 -ci il doğum tarixli X3 adında bir övladları olmuşdur. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışdır. Ayrılıqlarına səbəb cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi, buna görə də aralarında tez-tez ailə münaqişələrinin baş verməsi olmuşdur. 1 aydan çoxdur ki, ayrılmışlar. Hal-hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. O, uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəyir. Həmçinin, xx.xx.2021-ci il doğum tarixli X1 3 yaşına çatanadək əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat alimentin Cavabdeh alınıb ona verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahat verərək bildirdi ki, iddiaçı ilə xx.xx.2019-cu ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2021-ci il doğum tarixli X3 adında bir övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. İddiaçının tələb etdiyi uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin və uşağın 3 yaşına çatanadək əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat alimentin ondan alınıb iddiaçıya verilməsinə razıdır. O, bu barədə məhkəməyə ərizədə vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahlarını xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İşdə olan mediator Anar Hacıyev tərəfindən verilmiş 19 may 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il il tarixdə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2021-ci il təvəllüdlü X3 adında bir uşaqları olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediator Anar Hacıyev tərəfindən İddiaçı bu barədə arayış verilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmişdir. O, bu barədə məhkəməyə ərizə də vermişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin izahatlarını nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin “uşaq 3 yaşına çatanadək arvadın saxlanılması üçün aliment” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, uşaq 3 yaşına çatanadək arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, onların üç yaşına çatmamış uşaqları vardır və cavabdeh uşağın üç yaşına çatanadək saxlanması üçün aliment ödənilməsinə etiraz etmir. Odur ki, məhkəmə iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin izahatlarını və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə də əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 100 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 23 may 2022-ci il tarixdən başlayaraq, Cavabdeh 02 fevral 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub İddiaçı verilsin. 23 may 2022-ci il tarixdən başlayaraq 02 fevral 2021-ci il tarixdə anadan olmuş X3 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar