Məhkəmə qərarları › İş №2(042)-637/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-637/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-637/2022 28.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinin 2(042)-985/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş onun qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin dəyişdirilərək sabit miqdarda 100 manat müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi 20 sentyabr 2016-cı il təvəllüdlü Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X1 xeyrinə qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. O, hərbçi olduğundan yaşlı anası və atasından ayrı yaşayır. Onların maddi və mənəvi ehtiyacları onun tərəfindən qarşılanır. Yəni, valideynləri ondan aliment tələb etmiş və onların saxlanılması üçün qarşılıqlı saziş əsasında hər birinə 400 manat olmaqla, ümumilikdə, 800 manat aliment ödəyir. Aylıq qazancının və ya gəlirimin 1/4 hissəsi uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi qüvvədə qalacağı təqdirdə onun valideylərinin saxlanılmasına tələb olunan məbləği ödəmək imkanı olmayacaq. Bundan başqa özünün dolanışığı və tələbatlarını ödəmək onun üçün çətindir. Həmçinin Cavabdeh yeni ailə qurmuş və maddi vəziyyəti yüksəkdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh hərbiçidir. Hər ay 1600 manatadək əməkhaqqı alır. O, ata və anasına aliment ödəmək haqqındakı sazişi görüntü üçün bağlamışdır. İddiaçının ata və anası sağlamdır və hazırda işləyirlər. Onların alimentə ehtiyacları yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-985/2018 saylı 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)-403/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, 20 sentyabr 2016-cı il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində X1 xeyrinə tutularan 120 manat alimentin miqdarı dəyişdirilərək onun qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan X5 surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. İşdə olan X3 Çıxarışdan görünür ki, İddiaçı və X4 arasında olan nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İşdə olan Arayışdan görünür ki, İddiaçı aylıq vəzifə maaşı 1080 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1 və 76.1.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-985/2018 saylı 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)- 403/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, 20 sentyabr 2016-cı il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində X1 xeyrinə tutulan 120 manat alimentin miqdarı dəyişdirilərək, İddiaçı qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında ata və anasına hər ay cəmi, 800 manat aliment ödəməsini əsas gətirərək, maddi vəziyyətinin pisləşməsini bildirsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək, bildirmişdir ki, iddiaçı ata və anasına hər ay cəmi, 800 manat aliment ödənilməsi barədə mediasiya sazişi bağlamaqla azyaşlı uşağın saxlanılması üçün nəzərdə tutulmuş alimentin miqdarının azaldılmasını istəyir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş İddiaçı qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar