Məhkəmə qərarları › İş №2(042)-644/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-644/2023

24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-644/2023 24.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı ildə doğulmuş X1 və xx.xx.2020-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki evlənməklə nikahlarını 04 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 iyul 2016-cı ildə X5 və 07 iyul 2020-ci ildə X6 adlı 2 nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuş, lakin sonradan ailə münasibətləri pozulmuşdur. Aralarında baş vermiş narazılıqlara nəticəsində cavabdehlə ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaqları onun himayəsində qalmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə tək yaşayır. Uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olur və azyaşlı uşaqlarının saxlanması üçün yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstəriənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 193471 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X3 nikahlarını xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonu Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, X5 xx.xx.2016-ci il tarixdə Şəmkir rayonunda doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan mediator Anar Tahirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi olaraq evlənmişlər, nikahlarını 04 yanvar 2018-ci il tarixdə Gədəbəy rayonu Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2020-ci ildə X6 və xx.xx.2016-ci ildə X5 adında iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 aprel 2023-cü il tarixdən başlayaraq, 07 iyul 2020-ci il doğum tarixli X2 və 01 iyul 2016-cı il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar