Məhkəmə qərarları › İş №2(042)-666/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-666/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-666/2023 05.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 05 sentyabr 2022-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il doğum tarixli X5 və xx.xx.2017-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 220 manat olmaqla iki uşaq üçün cəmi 440 manat miqdarında alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2017-ci il doğum tarixli X3 atasının Cavabdeh olmasının müəyyən edilməsi, 05 sentyabr 2022-ci il tarixdən başlayaraq, yetkinlik yaşma çatmayan övladları - xx.xx.2015ci il doğum tarixli X5 və xx.xx.2017-ci il doğum tarixli X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 220 manat olmaqla iki uşaq üçün cəmi 440 manat miqdarında alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ilin əvvəllərində qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il doğum tarixli X11 və xx.xx.2017-ci il doğum tarixli X6 adında iki övladları olmuşdur. X1 atalığı müəyyən edilmişdir. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Ayrılmalarına səbəb cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Hal-hazırda uşaqları ilə birlikdə ata evində nənəsinin yanında yaşayır. O, uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəyir. Cavabdehin maddi imkanı olduqca yaxşıdır, o, Rusiyada ticarətlə məşğul olur, özünə məxsus paltar mağazası vardır. Aylıq gəliri 10000 (on min) manatdan yüksəkdir. Hesab edir ki, cavabdehin ona hər ay hər bir uşaq üçün 220 manat aliment ödəməyə kifayət qədər imkanı vardır. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdehlə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış, bu barədə xx.xx.2022-ci il tarixdə mediator Leyla Əliyeva tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. o məhkəməyə müraciət edənədək cavabdehdən aliment almaq üçün xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş, həmin vaxtdan aliment almaq üçün qanunla müəyyən edilmiş tədbirlər görmüş, lakin cavabdeh aliment ödəməkdən boyun qaçırmışdır. Odur ki, təyin ediləcək alimentin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbində göstərilənlərə oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, cavabdehin atasıdır. Uşaqların atası cavabdehdir. Cavabdeh hazırda Rusiya Federasiyasında satıcı işləyir. Cavabdeh hazırda xəstəliyi ilə əlaqədar olaraq xəstəxanada müalicə alır. Onların hər uşağa görə 120-130 manat aliment ödəməyə imkanı çatır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli, 216 saylı arayışdan görünür ki, Süleymanova X2 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 07 saylı təsərrüfatların uçotu kitabının 69-cu səhifəsində, 596 nömrəli şəxsi hesabına əsasən qeydiyyatdadır. Hal-hazırda Arıqdam kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə, X6 xx.xx.2017-ci il tarixdə doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 atası hesab olunmuşdur. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2015-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2015-ci il doğum tarixli X11 və xx.xx.2017-ci il doğum tarixli X6 adında iki uşaqları olmuşdur. Uşaqlardan A.Süleyamnovun atalığı müəyyən edilsə də, L.Süleyanovun atalığı müəyyən edilməmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar hal-hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh L.Süleymanovanın atası olması faktının müəyyən edilməsini və cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında X3 atasının Cavabdeh olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himyəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. xx.xx.2017-ci il doğum tarixli X3 atasının Cavabdeh olması iddiaçının izahatı, cavabdehin nümayəndəsinin izahatı və tədqiq edilmiş sübutlarla təsdiqini tapdığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə iddiaçının alimentin tutulmasının mediasiya şurasına müraciət etdiyi vaxtdan hesablanması tələbi ilə bağlı aşağıdakıları qeyd edir; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üçün o hal da aliment hesablana bilər ki, iddiaçı məhkəməyə müracitə etməmişdən əvvəl aliment ödənilməsi üçün tədbirlər görsün, cavabdeh isə aliment ödəməkdən boyun qaçırsın. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya şurasına müraciət etməsi və bu barədə ona “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilməsi cavabdehin aliment ödəməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Odur ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu qeyd edir ki, məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxmamalı, iddia tələbi həcmində qətnamə çıxarmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı 18 mart 2017-ci il doğum tarixli X3 atasının Cavabdeh olması faktı müəyyən edilsin. Cavabdeh 05 iyun 2023-cü il tarixdən başlayaraq, 14 oktyabr 2015-ci il doğum tarixli X5 və 18 mart 2017-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat aliment tutulub İddiaçı verilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar