Məhkəmə qərarları › İş №2(042)-714/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-714/2020

04.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-714/2020 04.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hər ay sabit pul məbləğində hər birindən 200 manat, cəmi, 400 manat aliment alınaraq ona verilməsinətələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlər onun övladlarıdır. O, övladlarını böyürmüş, onlara tərbiyə vermişdir. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra ona valideyn kimi hörmət etməmiş, onun xərclərini ödəməmişlər. Onun əmək qabiliyyəti yoxdur. Cavabdeh2 qızıl mədənində işləyir və yüksək əmək haqqı alır. Digər oğlu isə işləmir. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur. Aylıq qazancı qeyri-müəyyəndir. Ona görə də iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1996-cı il tarixdə və Cavabdeh2 13.051994-cü il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə etmiş, cavabdehlərdən Cavabdeh2 iddia tələbini etiraf etmişdir. Cavabdeh2 iddia tələbini etiraf etdiyindən iddia tələbi ona münasibətdə təmin edilməlidir. Digər Cavabdeh1 isə iddia tələbini etiraf etməmiş, onun qazanclarının olması müəyyən edilməmişdir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 hər ay 200 manat aliment alınaraq, İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar