Məhkəmə qərarları › İş №2(042)-824/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-824/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-824/2023 27.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (medyasiya müraciət etdiyi xx.xx.2023-cü il tarixdən başlayaraq) hər ay hər cürə qazancının ¼-i miqdarında, onun hamiləlik dövrünə görə isə sabit pul məbləğində 200 manat olmaqla aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə 2018-ci ilin əvvələrində qeyri-rəsmi ailə quraraq, nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində rəsimləşdirmişlər. Onların birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il doğum tarixli X3 adında bir övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr yaranmışdır. Bu səbəbdən də cavabdeh onu çıxarıb ata evinə qovmuşdur. Hal-hazırda o azyaşlı oğlu Tural ilə birlikdə atasının evində yaşayır. Maddi imkanı aşağıdır. Özü ikinci uşağa 7 aylıq hamilədir. Uşağını təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh isə nə onunla, nə də uşağı ilə maraqlanmır. Ona heç bir maddi yardım göstərmir. Cavabdeh halhazırda Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Onun aylıq əmək haqqı 1250-1300 manat təşkil edir. Ona görə də cavabdehdən onun xeyrinə azyaşlı uşağının və onun hamilə olmasına görə aliment tutulmasını istəyir. Cavabdeh azyaşlı uşağının saxlanılıb tərbiyyə edilməsi üçün aylıq hər cürə qacancının ¼-i miqdarında eləcə, də onun hamiləlik dövrü üçün sabit pul məbləğində 200 manat olmaqla aliment kəsilməsini istəyir. İddiaçı məhkəməyə ərizə verərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. Gədəbəy rayonu ərazisində fəaliyyət göstərən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çavuş vəzifəsində işləyir. Aylıq əmək haqqı 1204 manat təşkil edir. Uşaqların saxlanılması üçün iddiaçının tələb etdiyi aliment məbləğinin tutulmasına etirazı yoxdur. O, həmçinin iddiaçıya hamiləlik dövründə maddi olaraq köməklik göstərmişdir. Ona görə də, iddia tələbinin həmin hissədə qəbul etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki Cavabdeh və X4 nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyta şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1118 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Pirverdiyev, arvada Pirverdiyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019cu il tarixdə Gədəbəy rayonunda doğulmuş atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq verilmiş 26 iyul 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 24-25 həftəlik hamilədir. İşdə olan “Şəmkir rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 30 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə uşaq dünyaya gətirmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2018-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmiş, nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyta şöbəsində bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2019-cu il təvəllüdlü X3 adında bir uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək cavabdehin qazancının 1/4 hissəsi miqdarında aliment təyin edilməsini tələb edir. Cavabdeh məhkəmə iclasında qeyd edilən miqdarda aliment tutulmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə iddiaçının alimentin tutulmasının mediasiya şurasına müraciət etdiyi vaxtdan hesablanması tələbi ilə bağlı aşağıdakıları qeyd edir; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üçün o hal da aliment hesablana bilər ki, iddiaçı məhkəməyə müracitə etməmişdən əvvəl aliment ödənilməsi üçün tədbirlər görsün, cavabdeh isə aliment ödəməkdən boyun qaçırsın. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya şurasına müraciət etməsi və bu barədə ona “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilməsi cavabdehin aliment ödəməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Odur ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin “hamiləlik dövrü üçün sabit pul məbləğində 200 manat aliment tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, hamiləlik dövrü arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya maddi köməklik etmir. Həmçinin, müəyyən edildi ki, cavabdeh hamiləlik dövründə məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə iddiaçının cavabdehdən hamiləlik dövrü üçün aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, arvadın hamiləlik dövrü üçün onun tələb etdiyi alimentin miqdarı 200 manat məbləğində ədalətli və məqsədəuyğun hesab edilə bilməz. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə qismən əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə hamiləlik dövrü üçün hər ay 60 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməli, 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı hamiləlik dövrü üçün (26 sentyabr 2023-cü il tarixədək) hər ay sabit pul məbləğində 60 (altmış) manat aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə doğulmuş 08 iyul 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı hamiləlik dövrü üçün (26 sentyabr 2023-cü il tarixədək) hər ay sabit pul məbləğində 60 (altmış) manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar