Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-837/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010cu doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1672/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 90 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 193 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2009-cu ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu doğum tarixli X3 adında bir övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda onun himayəsində yaşayır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 1672/2017 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə uşağının yetkinlik yaşına çatanadək 90 manat məbləğində aliment təyin edilmişdir. Hazırda, o, həmin məbləğlə uşağına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır. 90 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Cavabdeh ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh maddi vəziyyət olduqca yaxşıdır. Onun Gədəbəy rayonu, Maarif kəndində ferması var. Mal-qara saxlayır. Hesab edir ki, cavabdeh hər ay ona 193 manat miqdarında aliment ödəməyə kifayət qədər imkanı vardır. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə mediator Anar Hacıyev tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. Onun alimenti ödəməyə maddi imkanı çatmır. Heç bir yerdə işləmir. Birinci qrup əlildir. 400 manat məbləğində pensiya alır. Hazırda başqa şəxslə ailə qurmuşdur və həmin ailədən iki uşağı vardır. Ona görə də, alimentin miqdarının artırılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 351859 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 yanvar 2010-cu il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1672/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-259/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2010-cu il doğum tarixli Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 60 manat alimentin miqdarı artırılaraq 30 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 90 (doxsan) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan mediator Anar Hacıyev tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2009-cu ildə qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2010-cu il təvəllüdlü X3 adında bir uşaqları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 1672/2017 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-259/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2010-cu il doğum tarixli Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 60 manat alimentin miqdarı artırılaraq 30 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 90 (doxsan) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 90 manat alimentin artırılaraq 150 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1672/2017 saylı qətnaməsi ilə 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 90 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 150 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-837/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-837/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver