Məhkəmə qərarları › İş №2(042)-870/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-870/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-870/2024 04.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş öhdəliyin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikah dövründə "xxxx" ASCdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü kredit öhdəliyinə görə faktiki ayrıldıqları xx.xx.2022-ci il tarixdən etibarən yerinə yetirilməli olan öhdəliyin bölünməsi və ödənilmiş 4338 manat pul vəsaitinin yarısının, yəni 2169 manat məbləğində pulun və çəkilmiş mediasya xərcinin əvəzi olaraq 55 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2021-ci il doğum tarixli X2 adında bir övladları olmuşdur. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə ayrılmışlar. Biz nikaha daxil olmamışdan əvvəl, onun valideynləri həm Günelin valideynləri ilə, həm də Günelin özü ilə belə razılığa gəldilər ki, o Günel ilə ailə qurduqdan sonra onunla Gədəbəy rayonunun Qaraməmmədli kəndində kirayə tutduğu evdə daimi yaşayacaqlar. Təxminən, son 2 aya qədər onlar normal ailə münasibətlərində Qaraməmmədli kəndində yaşamışlar. 25 noyabr 2022-ci ildə Günel anasının xəstə olması səbəbi ilə ünvan 1 ünvanında yerləşən ata evinə getmişdir. Bundan 10 gün sonra Güneli evlərinə aparmaq üçün Günelin atası evinə getmişlər. Həmin vaxt Günel ona, Gədəbəy şəhərinin özündə yaşamaq istədiyini, bunun üçün Gədəbəy şəhərindən ev almasını bildirmişdir. O, isə ona həm Gədəbəy şəhərində ev almaq üçün imkanının olmadığını, həm də nikaha daxil olmamışdan əvvəl olan razılaşmaya görə Qaraməmmədli kəndində yaşamağı qəbul etməyini bildirmişdir. Günel onun fikrini qəbul etməyərək mehribanlıqla ondan ayrılmaq istədiyini, əgər Gədəbəy şəhərindən ev alacağı təqdirdə onunla yaşaya biləcəyi barədə şərt qoymuşdur. Bundan sonra o əmin olmuşdur ki Günelin 25 noyabr 2022-ci ildə atası evinə gəlməkdə məqsədi ondan ayrılmaq olmuşdur. Bundan sonra o Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-289/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan, xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmiş nikahın pozulması, azyşalı övladı xx.xx.2021-ci il doğum tarixli X1 anasının himayəsində saxlanılması və uşağının saxlanılması üçün ondan cavabdehin xeyrinə aliment tutulması qət edildi. Cavabdehlə ailə qurduqdan sonra Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşamağa başlamışlar. Günelin müalicəsi ilə əlaqədar birgə yaşadıqları dövrdə, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədilə 26 ay müdddətinə illik 24 faizlə hər ay 482.03 manat ödəmək şərtilə 10000 manat kredit götürmüşdür. Bundan sonra hər ay krediti vaxtında ödəməyə başlamışdır. 25 noyabr 2022-ci ildə cavabdeh atası evinə getmiş və həmin vaxtdan faktiki olaraq ayrılmışdır. Buna baxmayaraq o cavabdehlə birgə nikah dövründə götürdüyü kreditə görə hər ay kredit öhdəliyini icra etməyə davam etmişdir. Cavabdehlə faktiki ayrıldıqları vaxtdan həmin kreditə görə tək olaraq cəmi 4338 manat pul ödəniş etmişdir. Hesab edir ki, həmin məbləğdə yerinə yetiridi öhəldik bölünməli və 2169 manat məbləğində pul Cavabdeh alınıb ona verilməlidir. Ona görə ki, həmin krediti o cavabdehlə birgə nikah dövründə götürmüş, bu səbəbdən həmin öhdəlik də bölünməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh ilə ailə qurduqdan sonra cavabdehin müalicəsi üçün müxtəlif şəxslərdən borc almış və daha sonra kredit götürərək borclarını ödəmişdir. Kredit götürülmüş məbləğ cavabdehin hamiləliyi ilə əlaqədar müalicəsinə xərclənmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, cavabdeh onun qızıdır. Kredit götürülən zaman qızı hamilə olmuşdur. Hamilə olan şəxsə isə dərman verilmir. İddiaçı sübuta yetirsin ki, həmin kredit məbləğini qızının müalicəsi üçün sərf etmişdir. Bu barədə çekləri təqdim etsin. Həmin kredit məbləği qızının müalicəsi üçün istifadə edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 289/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 iyun 2019-cu il tarixdə bağlanmış nikahın pozulması, 25 iyun 2021-ci il tarixdə doğulmuş X1 anası Cavabdeh himayəsində saxlanılması, 25 iyun 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat və Cavabdeh azyaşlı uşaq 3 yaşına çatanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 21 faiz dərəcəsi ilə, 26 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 05 iyul 2019-cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 26 iyun 2021-ci il tarixdə X2 adında bir övladları doğulmuşdur. Daha sonra tərəflər arasında olan ailə münasibətləri pozulmuş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-289/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 05 iyun 2019-cu il tarixdə bağlanmış nikahın pozulması, 25 iyun 2021-ci il tarixdə doğulmuş X1 anası Cavabdeh himayəsində saxlanılması, 25 iyun 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat, azyaşlı uşaq 3 yaşına çatanadək saxlanılması üçün 50 manat, cəmi 250 manat sabit miqdarda alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq cavabdehlə birgə nikahda olduqları dövrdə kredit öhdəliyi götürdüklərini və həmin kredit öhdəliyinin ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə sərf etdiyini iddia etmiş və həmin kredit öhdəliyinin bölünməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir.” Qeyd olunan hüquq normalarına əsasən iddia tələbinin əsaslılığı üçün kredit öhdəliyi birgə nikah dövründə əldə olunmalı və həmin kredit öhdəliyi ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə sərf olunmalıdır. Məhkəmə qeyd edir ki, kredit öhdəliyi tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Lakin həmin kredit məbləğinin ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə sərf olunmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, cavabdeh iddia tələbini etiraf etməyərək kredit məbləğinin ailə ehtiyacları üçün sərf edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin müayinə və müalicəsi ilə əlaqədar xərclər barədə və digər sənədlərə münasibət bildirərək qeyd edir ki, təqdim edilən sənədlər 2020-ci il tarixə aid sənədlərdir. Kredit müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, həmin sənədlər götürülmüş kredit öhdəliyinin ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə sərf olunmasını təsdiq etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş öhdəliyin bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 55 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar