Məhkəmə qərarları › İş №2(042)-878/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-878/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-878/2025 15.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X9 qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiasına dair mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın pozulması və aliment) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşağı - xx.xx.2014-cü il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-32/2025 saylı qərardadı ilə alimentin miqdarının bir uşaq üçün minimum aylıq əmək haqqına münasibətdə müəyyən edilmiş 0.95 mislinin azaldılaraq minimum aylıq əmək haqqının 0,35 misli həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə 2013-cü ildə ailə qurmuş, birgə yaşadıqları dövrdə xx.xx.2014-cü il doğum tarixli X5 adında bir övladları olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli. 2(041)-757/2016 saylı qətnaməsi ilə nikah pozulmuş və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün inəndən cavabdehin xeyrinə hər ay sabit pul məbləğində cəmi 100 manat aliment müəyyən edilmişdir. 2025-ci ildə cavabdeh alimentin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)- 32/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya olunaraq bir uşaq üçün minimum əmək haqqına münasibətdə 0.95 misli həddində müəyyən edilmişdir. Bu hesabla bir uşaq üçün alimentin miqdarı 380 manat müəyyən edilmişdir (400 x 0,95 = 380 manat). O, heç bir yerdə işləmir. Özü eplepsiya xəstəliyindən əziyyət çəkir, üçüncü dərəcəli əlildir. Əlilliyə görə hər ay 150 manat müavinət alır. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 100 manat alimenti belə ödəməkdə çətinlik çəkir. Aliment indeksasiya olunduqdan sonra ödəməli olduğu aliment bir uşaq üçün 380 manat edir ki, bu məbləği ödəmək gücü yoxdur. Hal-hazırda bir uşaq üçün maksimum 140 manat aliment ödəyə bilər. Ümumiyyətlə, 2016cı ildə alimentin məbləği bir uşaq üçün 100 manat təyin edildiyi vaxtdan bu günədək onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Əksinə 2016-cı ildə 100 manat aliment təyin edildikdən sonra o ikinci dəfə ailə qurmuş, həmin ailədən bir övladı vardır. Həmin ailənin saxlanması xərcləri də onun üzərinə düşür ki, bu da alimentin artırılması üçün yox azaldılması üçün əsasdır. Belə olan halda alimentin indeksasiya olunması yolu artırılaraq bir uşaq üçün 380 manat olması əsassız və ədalətsizdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh X12 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, uşaq xəstədir və müalicəsi üçün pul tələb olunur. İddiaçı heç bir köməklik göstərmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

7. Belə ki, işdə materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-757/2016 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxılanılması üçün 100 manat alimentin İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-32/2025 saylı qərardadı ilə, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il doğum tarixli X1 üçün İddiaçı sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.95 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. - Elektron hökmət portalından çıxarışdan görünür ki, İddiaçı İİİ qrup əlilliyə görə 150 manat müavinət alır. - Elektron hökmət portalından çıxarışdan görünür ki, İddiaçı və X4 nikahlarını xx.xx.2018-ci il tarixdə bağlamışlar və onların xx.xx.2019-cu il tarixdə doğulmuş X6 adında bir övladları vardır.

8. Məhkəmə iclasında müəyyən edildi ki, X12 və İddiaçı xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-757/2016 saylı qətnaməsi ilə aralarında ola nikah pozulmuş və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxılanılması üçün 100 manat alimentin İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh təyin edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-32/2025 saylı qərardadı ilə, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il doğum tarixli X1 üçün İddiaçı sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.95 misli həddində aliment alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı hazırda indeksasiya edilmiş aliment məbləğinin azaldılması tələb edir.

9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: - 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: - 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: - 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” - 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.

15. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.

16. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.

18. Belə ki, iddiaçının ikinci nikahdan məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməsə də, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, eyni zamanda iddiaçının İİİ qrup əlilliyini, ikinci nikahdan olan uşağını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)- 32/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X8 xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazır ki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

19. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.

21. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir

V. Nəticə:

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-32/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X8 xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazır ki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. X7 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar