Məhkəmə qərarları › İş №2(042)-890/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-890/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-890/2024 10.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının və ya dəyərinin qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 dəyəri 600 manat olan stol və stullar, dəyəri 250 manat olan bir ədəd istenka mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataq və 10 baş qoyun, 10 baş quzu, 2 baş inəkdən ibarət mal-qara və cehiz əşyalarından özünü və yaxud dəyər qiymətinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2009-cu ildə ailə qurmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar və çıxıb atası evinə getmişdir. O, cavadehlə ailə qurub evlənən zaman apardığı əşyalar və birgə yaşadıqları dövrdə əldə etdikləri mal-qara cavabdehin evində qalmışdır. Mən cavabdehə həmin əşyalarının və birgə əldə etdikləri mal-qaranının onun payına düşən hissəsinin ona verməsini istəyir. Həmin cehiz əşyalar dəyəri 600 manat stol və stullar, dəyəri 250 manat olan bir ədəd istenka mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataqdan mal-qara isə 10 baş qoyun, 10 baş quzu, 2 baş inəkdən ibarətdir. O, bununla bağlı cavabdehə müraciət edərək əldə etdikləri mal-qaradan payını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, Cavabdeh1 onun oğludur. İddiaçı ilə oğlu ilə 2009-cu ildə ailə qurmuşdur. Stol və stullar, bir ədəd istenka mebel, yataq dəsti, bir ədəd termo güzgü, bir ədəd tək yataqdan ibarət cavabdeh tərəfindən gətirilmiş cehiz əşyaları hazırda onların evindədir. Cehiz əşyalarının çıxarılmasına etiraz etmir. Lakin iddiaçının qeyd etdiyi heyvanlar mövcud deyildir və birgə nikah dövründə qeyd edilən heyvanlar əldə edilməmişdir. Odur ki, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı tələb etdiyi cehiz əşyalarının mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını, cavabdehlərdə qaldığını və qaytarılmadığını sübut etməlidir. MPM-in 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, iddiaçı həmin əşyaların mövcudluğunu və cavabdehlərdə qalmasını sübut etmək vəzifəsindən azad edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi cehiz əşyalarından 600 manat olan stol və stullar, dəyəri 250 manat olan bir ədəd “istenka” mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataqdan ibarət cehiz əşyalarının mövcudluğunu və iddiaçının gəlin köçdüyü evdə qalmasını cavabdeh etiraf etdi. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehlərin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi cehiz əşyalarından dəyəri 600 manat olan stol və stullar, dəyəri 250 manat olan bir ədəd “istenka” mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataqdan ibarət cehiz əşyalarının və ya həmin əşyaların dəyərinin cavabdehdən alınıb ona qaytarılması tələbi əsaslıdır. Məhkəmə iddia tələbində göstərilən cehiz əşyalarının qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehlərdən alınmalı olan cehiz əşyalarının dəyəri müəyyən edilərkən iddiaçının izahatında göstərdiyi qiymətlər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin qiymətlər əsas götürülməlidir. Məhkəmə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə aralarında rəsmi nikahın olması, qeyd edilən heyvanların mövcudluğu və birgə nikah dövründə əldə edilmiş əmlaklar olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tələb etdiyi– dəyəri 600 manat olan stol və stullar, dəyəri 250 manat olan bir ədəd “istenka” mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataqdan ibarət cehiz əşyaları, onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda onun dəyər qiyməti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı tələb etdiyi – dəyəri 600 manat olan stol və stullar, dəyəri 250 manat olan bir ədəd “istenka” mebel, dəyəri 500 manat olan yataq dəsti, dəyəri 300 manat olan bir ədəd termo güzgü, dəyəri 60 manat olan bir ədəd tək yataqdan ibarət cehiz əşyaları, onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda onun dəyər qiyməti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 38 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar