Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-896/2025 23.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiasına dair mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın pozulması və aliment) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşağı - xx.xx.2014-cü il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-87/2025 saylı qərardadı ilə alimentin miqdarının bir uşaq üçün minimum aylıq əmək haqqına münasibətdə müəyyən edilmiş 0,6 mislinin azaldılaraq minimum aylıq əmək haqqının 0,45 misli həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə ailə qurmuş, birgə yaşadıqları dövrdə onların xx.xx.2014-cü il doğum tarixli X2 adında bir övladları olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-56/2021 saylı qətnaməsi ilə nikah pozulmuş və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay sabit pul məbləğində cəmi 170 manat aliment müəyyən edilmişdir. 2025-ci ildə cavabdeh alimentin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəmsinin xx.xx.2025-ci il tarixli, 8(042)- 87/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya olunaraq bir uşaq üçün minimum əmək haqqına münasibətdə 0,6 misli həddində müəyyən edilmişdir. Bu hesabla bir uşaq üçün alimentin miqdarı 240 manat müəyyən edilmişdir (400 x 0.6 = 240 manat). O, heç bir yerdə işləmir. İşsizlik arayışını ərizəmə əlavə edir. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 170 manat alimenti belə ödəməkdə çətinlik çəkir. Aliment indeksasiya olunduqdan sonra ödəməli olduğu aliment bir uşaq üçün 240 manat edir ki, bu məbləği ödəmək gücü yoxdur. Hal-hazırda bir uşaq üçün maksimum 180 manat aliment ödəyə bilər. Ümumiyyətlə, 2021 -ci ildə alimentin məbləği bir uşaq üçün 170 manat təyin edildiyi vaxtdan bu günədək onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Belə olan halda alimentin indeksasiya olunması yolu artırılaraq bir uşaq üçün 240 manat olması əsassız və ədalətsizdir. Odur ki. hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
7. Belə ki, işdə materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-56/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, İddiaçı hər ay 170 manat miqdarında miqdarında aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-87/2025 saylı qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-56/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Elektron hökmət portalından çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 adında bir övladları vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı işsiz kimi qeydiyyaydadır.
8. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh və İddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-56/2021 saylı qətnaməsi ilə aralarında ola nikah pozulmuş və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, İddiaçı hər ay 170 manat miqdarında miqdarında aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh təyin edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-87/2025 saylı qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-56/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı hazırda indeksasiya edilmiş aliment məbləğinin azaldılması tələb edir.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: - 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: - 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: - 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” - 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.
15. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.
16. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.
18. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-87/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazır ki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
19. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.
21. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
22. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-87/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazır ki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov