Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1071/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdeh «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi və sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və kommersiya hüquqi şəxslərin reyestr məlumatlarından görünür ki, cavabdeh hüquqi şəxsin qeydə alındığı ünvan ünvan 2 ünvanıdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, həmin tələbə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İlk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsində yalnız bir tələb – sığorta ödənişinin verilməsi tələbi vardır. Dəymiş ziyanın müəyyən edilməsi müstəqil tələb kimi yox, sadəcə iddiaçının vəsatəti kimi qiymətləndirilməlidir. Dəymiş ziyan müəyyən edilmədən ümumiyyətlə mübahisənin həll edilməsi də mümkün deyildir. Hazırkı mübahisə sığorta müqaviləsindən irəli gələn tələb olmaqla daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın hüquqlarının pozulmasının aradan qaldırılması tələbi deyildir. Mübahisənin daşınmaz əmlakla bağlı bağlanılmış sığorta müqaviləsindən irəli gəlməsi həmin mübahisənin müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsas deyildir. İddiaçı bu tələbi cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1071/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1071/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver