Məhkəmə qərarları › İş №2(043)-1120/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1120/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1120/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “uşağın yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X9rşı “uşağın yaşayış yerinin müəyyən olunması və aliment” tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh X3 birgə nikahdan anadan olmuş 23.01.2020-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilərək yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat aliment tutulmasını və uşağa baxdığına görə əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün uşağın 3 yaşı olanadək cavabdehdən xeyrinə hər ay 100 manat aliment tutulmasını və 50 manat ilkin mediasiya xərci cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə 06.04.2019-ci il tarixdə el adəti ilə faktiki ailə həyatı qurmuşlar. Faktiki nikahdan bir övladları 23.01.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Xasiyyətləri tutumaması və ailələrinin idarə olunmasına kənar müdaxilələr olunması nəticəsində cavabdehlə birgə yaşamaları mümkün olmamış və aralarında olan əlaqələr faktiki 2021-ci ilin oktyabr ayından kəsilmişdir. Cavabdehlə barışmaq, ailənin qorunub saxlanması və birgə yaşamaqları mümkün deyildir. Faktiki nikahdan anadan olmuş övladları onunla yaşayır. Cavabdehdən aliment tutulmasına dair razılığa gəlməmişlər. Əlavə olaraq bildirmək istəyir ki. qeyd olunan məsələ ilə bağlı mediatora müraciət etmişdir Cavabdeh müəyyən edilmiş vaxtda gəlmədiyinə görə müvafiq arayış verilmişdir. 50 manat məbləğində ilkin mediasiya xərci tam şəkildə onun tərəfindən ödənilmişdir. Göstərdiklərinə görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X7 iddia tələbini qismən qəbul edərək izahat bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər Qazaxıstan Respublikasında restoranda adminstrator işləmişdir. İddiaçı ilə 06.04.2019-ci il tarixdə el adəti ilə faktiki ailə həyatı qurmuşlar. Faktiki nikahlarından bir övladları 23.01.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bundan başqa birgə münasibətlərindən doğulmuş 23.01.2020-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmasının müəyyən edilməsinə etiraz etmir və onun yetkinlik yaşına çatanadək saxlanılması hər ay 150 manat məbləğində aliment ödəməyə imkanı çatır. Uşağın 3 yaşına çatanadək əlavə xərc qismində iddiaçıya aliment ödəməyi qəbul etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazaxıstan Respublikası Ust-Kamenoqrosk şəhəri VVAQ şöbəsinin, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə nikahından 23.01.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası X7, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17.02.2022-ci il tarixli, **********6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı ərazi məşğulluq filialının arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (mEİS) “Məşğulluq” altsistemində 24.04.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatda olmuş və adına MEİS-in “Yoxlamalar” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 08.02.2022-ci il tarixli, MŞG/1-00040 nömrəli arayışdan görünür ki, X6 qarşı İddiaçı tərəfindən təsvir edildiyi kimi, “aliment” tələbi üzrə 07/02/2022 tarixində, 12:30-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. X7 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 13 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh X7 ilə birgə ailə münasibətlərindən 23.01.2020-ci il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzində birgə ailə münasibətlərindən doğulan uşaq anasının yanındadır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya mütəmadi yardım göstərmədiyindən İddiaçı aliment tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin cavabdeh X7 ilə ilkin mediasiya sessiyasında barışıq əldə edilmədiyi üçün, “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının məhkəmə iclasında iddia tələbinin təmin olunaraq 23.01.2020-ci il təvəllüdlü X4 yaşayış yerinin onun yanında qalması müəyyən edilərək yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat aliment tutulmasını və uşağa baxdığına görə əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün uşağın 3 yaşı olanadək cavabdehdən xeyrinə hər ay 100 manat aliment tutulmasını və 50 manat ilkin mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı cavabdehə qarşı iddia tələbində qeyd edilən alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə işləmədiyi üçün hazırki aliment məbləğini ödəyə bilmədiyini yazılı bildirərək, iddia tələbinin qismən qəbul etmiş 23.01.2020-ci il təvəllüdlü X1 yaşayış yeri kimi iddiaçının yanında qalmasının müəyyən edilərək yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 150 manat aliment sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən birgə münasibətlərindən doğulmuş uşaq üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması və uşağın 3 yaşına çatanadək hər ay 40 (qırx) manat tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının duğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, cavabdehin ikinci evliliyindən iki azyaşlı uşağının olmasını və tələb edilən aliment məbləğini nəzərə alaraq, cavabdehdən hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh X5 yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 23.01.2020-ci il təvəllüdlü X4 yaşayış yerinin iddiaçının yanında qalması müəyyən edilərək yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 190 manat sabit pul məbləğində alimentin və 23.01.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək İddiaçı üçün 40 (qırx) manat sabit pul məbləğində aliment bir il ərzində məcmusu 2760 manat təşkil etdiyindən, 47.6 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 23.01.2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilsin. 23.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh X3 23.01.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək İddiaçı üçün 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 28 mart 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X3 47,6 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar