Məhkəmə qərarları › İş №2(043)-1164/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1164/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1164/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən hər ay sabit pul məbləği ilə 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun övladlarıdır. Elgün xx.xx.1995-ci il, Süqrə isə xx.xx.1996-cı il təvəllüdlüdür. O, epilepsiya xəstəsidir, əmək qabiliyyəti yoxdur, işləyə bilmir, işləmək istəsə belə xəstəliyi ilə əlaqədar olaraq heç kim onunla işləmək istəmir. Ona dərman almaq və normal qidalanması üçün vəsait lazımdır. Bu gün işləmədiyi üçün pula ehtiyacı var. Cavabdehlər isə ona yardım etmirlər. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddia tələbi əsassız olduğu üçün, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-3719/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbi”nə dair iddiası təmin olunmamışdır. Göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı eyni məbləğdə və eyni əsaslarla aliment tələbi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudddur. Həmin qətnamənin qəbul edilməsindən sonra baş vermiş hər hansı dəyişikliyə əsaslanmadan, yəni ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı əsasa istinad etmədən iddiaçı həmin cavabdehlərə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alimentin tutulması məsələsinə artıq hüquqi qiymət verildiyindən və bu barədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbi” barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar