Məhkəmə qərarları › İş №2(043)-1192/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1192/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1192/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikah bağlanmadan 2009-cu ildə ailə qurmuşlar. Bu evlilikdən bir oğlanları doğulmuşdur. Cavabdeh atalığı təsdiq edən sənəd vermədiyi üçün uşaq onun soyadı ilə qeydiyyata alınmışdır. xx.xx.2010-cu ildə uşaq dünyaya gələndən sonra İntiqam ailəyə baxmadığına görə məcbur olub ondan ayrılmışdır. Uşaqla bağlı hər hansı çətinlik yaranmasın deyə o, xx.xx.2016-cı ildə Gəncə "ASAN xidmət" mərkəsinin qeydiyyat şöbəsindən doğum haqqında akt qeydi kitabında X2 adına doğum arayışı almış, arayışda anası İddiaçı, atası X1 valideyinləri kimi qeyd olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ayxan Əsgərovun atası olmasının müəyyən edilməsi və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməsi barədə məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, o, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 atası olmasını etiraf edir, bu faktı mübahisələndirmir və həmin uşağı saxlamaq üçün hər ay 175 manat aliment ödəməyə razıdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZ-İİİ № 780703 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2010-cu il tarixdə Şəmkir rayonu Çinarlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2016-cı il tarixdə 2972 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “X1”, anası kimi “İddiaçı” yazılmışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər uşağın doğulmasına qədər bir müddət birgə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Digər tərəfdən qeyd edilməlidir ki, iddia tələbi atalığın müəyyən edilməsi hissəsində cavabdehin özü tərəfindən etiraf edilmişdir və cavabdeh bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından xx xxxx 2010-cu il tarixdə “Ayxan” adlı uşaqlarının doğulmasının iddiaçının və cavabdehin izahatları ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. İddiaçı və cavabdehin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün tutulacaq alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğində, yəni hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən xx xxxx 2010-cu il tarixdə doğulmuş X2 atası olması müəyyən edilsin. xx xxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxx 2021-ci il tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar