Məhkəmə qərarları › İş №2(043)-1192/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1192/2022

10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1192/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06.08.2017-ci il təvəllüdlü X6 və 01.11.2019-ci il təvəllüdlü X1 üçün, qazancın və bütün gəlirlərinin üçdə bir hissəsindən aliment tutulmasına, Məmmədzadə Elşadın müalicəsi üçün hər ay 100 manat pulun, uşağın üç yaşı tamam olana qədər uşağa baxdığı üçün ona hər ay 100 manat pulun və mediasiya xidməti üçün ödənilmiş 25 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə, alimentin tutulmasını 19.02.2022-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 11.10.2016-cı ildə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Cavabdehlə davam edən ailə münaqişəsi nəticəsində faktiki olaraq 16.02.2022-ci il tarixdən etibarən ayrılmışlar. Uşaqlar onun himayəsindədir və Gəncə şəhəri Hərbi şəhərcik 84, bina 4, mənzil 17-də yaşayırlar. Cavabdeh Sumqayıt şəhəri X11 qəsəbəsi N nömrəli hərbi hissədə mayor rütbəsində bölmə rəisi vezifesində işləyir. Cavabdeh hərbi sıralarında xidmət göstərdiyi üçün yüksək əmək haqqı alır. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların böyüməsi üçün aliment ödəmir, uşaqların saxlanılmasında ona dəstək olmur. Uşağın normal yaşaması böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşaqların saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Uşaqları normal böyütmək üçün alimentə çox ehtiyacı var. X5 sinir xəstəliyindən əziyyət çəkir və görmə qabiliyyəti zəif olduğu üçün o, hər 3 aydan bir müayinə və müalicə olunaraq görmə qabiliyyətini gücləndirmək üçün ona yeni eynəklər alınır. Nəticədə Elşadın səhəti ilə bağlı hər 3 aydan bir 500 manata qədər pul xərcləmək məcburiyyətində qalır. İddiaçı məhkəməyə yazılı müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən mülki işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları üçün aylıq gəlirinin 1/3 məbləğində aliment ödəməyə razıdır. Lakin, uşağın müalicə xərci və uşaq 3 yaşına çatan kimi iddiaçıya əlavə aliment ödənilməsinə razı deyil. Cavabdeh hesab edir ki, qazancının 1/3 hissəsində ödəyəcəyi aliment məbləği uşaqların ehtiyaclarını kifayət qədər qarşılayacaq. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 149775 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı 11.10.2016-cı il tarixdə Gəncə şəhər “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2188 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06.08.2017-ci il təvəllüdlü X6 və 01.11.2019-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 19.03.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “N nömrəli hərbi hissənin hərbi qulluqçusudur. Onun aylıq əmək haqqı 1024,14 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Elşad və İnci adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar hazırda iddiaçının yanında yaşadıqlarından, iddiaçının uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2). Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda iddiaçının (analarının) himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iddianın “X7 üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsində göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsində göstərilmişdir ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının uşaq üç yaşına çatanadək ona baxdığı üçün işləmək imkanının məhdud olmasını və cavabdehin aylıq gəlirini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment ödənilməsi barədə ərizə ilə məhkəməyə 30.03.2022-ci il tarixdə müraciət etdiyindən, alimentin tutulması müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin - X6 müalicəsi üçün hər ay 100 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilmişdir. Məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Lakin, iddiaçı azyaşlı uşağı Elşad Məmmədzadənin sinir xəstəliyindən əziyyət çəkdiyini, görmə qabiliyyətinin yaxşılaşdırılması üçün hər ay xərc çəkdiyini əsas gətirərək, onun müalicəsi üçün cavabdehdən hər ay 100 manat pulun tutulmasını tələb etsə də, uşağın müalicəsi üçün hər ay vəsait xərcləməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06.08.2017-ci il təvəllüdlü X9 və 01.11.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 30.03.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 01.11.2019-cu il təvəllüdlü X10 üç yaşına çatanadək Cavabdeh 30.03.2022-ci il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar