Məhkəmə qərarları › İş №2(043)-1223/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1223/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1223/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşağa 50 manat, cəmi 100 manat hər ay sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində “Nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (043)-153/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə çıxarılmışdır. O, məhkəmə prosesi zamanı heç bir yerdə işləmədiyini bildirsə də xeyri olmamışdır. Çünki, o, həmişə bir vicdanlı ailə başçısı kimi ailəsinə, xüsusilə uşaqlarına qarşı çox həssaslıqla yanaşmışdır və bundan sonra da bu cür davam edəcək. O, hal-hazırda da heç bir yerdə rəsmi işləmir. Heç bir yerdən də gəliri yoxdur. Ona görə də faktiki olaraq bu məbləği ödəyə bilmir. Ondan 300 (üç yüz ) manat aliment tutulması ədalətsizlikdir. Eyni zamanda o, bir valideyn kimi maddi imkanı olduğu halda övladlarının mümkün qədər maksimal saxlanılmasını təmin edərdi, ancaq buna maddi durumu imkan vermir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-153/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 ( yüz əlli ) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı faktiki olaraq birgə nikahdan doğulmuş uşaqların saxlanılması ilə bağlı ondan tutulan alimentin məbləğini müəyyən edən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-153/2019 saylı qətnaməsini mübahisələndirmiş və məhkəmənin alimenti təyin edərkən ətraflı araşdırma aparmamasını, onun iş yerinin olmamasının nəzərə alınmamasını qeyd etmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin məhkəmənin başqa hakimi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki ərizə üzrə isə iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı əsasa istinad etmədən alimentin miqdarının azaldılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alimentin miqdarının müəyyən edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən və bu barədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar